MƏTBUAT KONFRANSINDA

Tədbirlər
28 noyabr 2012 | 05:11   
Paylaşın:        

Noyabrın 28-də işini başa çatdıran Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 40-cı iclasından sonra  mətbuat konfransı keçirildi.
Milli Məclisin Mətbuat katibi Akif Nəsirov bildirdi ki, qurumun üç gün davam edən tədbirində bir sıra vacib məsələlərə baxılıb. Hazırda QDİƏT-in Beynəlxalq katibliyinin Baş katibi Kiril Tretyak,  QDİƏT PM-in vitse-prezidenti Asəf Hacıyev və quruma üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri mətbuat konfransında iştirak edirlər.
Öncə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin vitse-prezidenti Asəf Hacıyev Baş Assambleyanın 40-cı iclasında müzakirə olunmuş məsələlər və qəbul edilmiş qərarlar barədə məlumat verdi. Bildirildi ki, komitə iclaslarında və plenar sessiyada bölgə üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirəyə çıxarılıb. Quruma üzv dövlətlərdə şəhərlərin inkişaf problemləri, dövlət-özəl sektor tərəfdaşlığının vacibliyi, kiber təhlükəsizliyin möhkəmləndirilməsində parlamentlərin rolu, sosial təminat sistemində islahatların genişləndirilməsi  və digər mövzulara dair məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılaraq müvafiq tövsiyələr qəbul edilib. Qeyd etdi ki, tədbirdə bir sıra təşkilati məsələlərə də baxılıb. QDİƏT PM sədrinin müavinləri və qurumun Baş katibinin müavini seçilib. TürkPA QDİƏT PM-də müşahidəçi statusu alıb. Rotasiya qaydasında QDİƏT PM-in sədrliyi Azərbaycandan Bolqarıstana keçib.
Sonra qurumun məsul təmsilçiləri jurnalistləri maraqlandıran suallara cavab verdilər. Mətbuat konfransında çıxış edən nümayəndə heyətlərinin rəhbərləri Bakıda QDİƏT PM-in tədbirlərinin ən yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladılar, Baş Assambleyanın 40-cı iclasının çox səmərəli keçdiyini qeyd etdilər.
Yekunda QDİƏT-in Beynəlxalq katibliyinin Baş katibi Kiril Tretyak yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Beynəlxalq katibliyin və nümayəndə heyətlərinin adından Milli Məclisin Sədri Oqtay Əsədova, QDİƏT PM-in vitse-prezidenti Asəf Hacıyevə, Milli Məclis Aparatının rəhbərliyinə və əməkdaşlarına təşəkkürlərini bildirdi.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU