Deputatımız “Xocalının Anım Günü”nə həsr olunmuş dəyirmi masada iştirak edəcək
Milli Məclisin deputatı Anatoliy Rafailov “Xocalının Anım Günü”nə həsr olunmuş dəyirmi masada iştirak etmək üçün fevralın 20-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcək.
Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyi və “İsraildəki Azərbaycan Evi”nin təşkilatçılığı ilə həyata keçirilir.
Yığıncaqda Xocalıda baş vermiş qətliamda həlak olan dinc insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın tarixi, faciə barədə həqiqətlərin geniş ictimaiyyətə çatdırılması və dünyada təbliği istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində, həmçinin Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunmuş «Ирс-Наследие» jurnalının ivrit dilində təqdimatı keçiriləcək.
Tədbirlərdə İsrail Knessetinin deputatları, yerli hakimiyyət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Səfər fevralın 27-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi