Kiçik və Orta Biznesin inkişaf etdirilməsinə həsr olunmuş konfrans keçirilib
Fevralın 18-də Azərbaycan Respublikası Milli Məclisinin dəstəyi, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfrans keçirilib.
Milli Məclisin deputatlarının, dövlət və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizdə sahibkarlığın, o cümlədən Kiçik və Orta Biznesin (KOB) inkişafı istiqamətində görülən işlərə, COVID-19 pandemiyasının KOB-lara təsirinə və bu sahədə dövlət dəstəyi tədbirlərinə, post-pandemiya dövrünün prioritet istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Konfransın açılışında çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və TÜRKPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Ağalar Vəliyev KOB-ların iqtisadiyyatın inkişafında xüsusi rol oynadığını, pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizdə də KOB-ların fəaliyyətinə mənfi təsir etdiyini qeyd edib, hökumətin sahibkarlara dəymiş zərərin minimuma endirilməsi üçün müvafiq dəstək tədbirləri həyata keçirdiyini vurğulayıb. O, Milli Məclisin KOB-ların inkişafı üzrə qanunvericilik sahəsində apardığı davamlı iş barədə məlumat verib. Deputat hazırkı konfransın tədbirin təşkilatçı qurumları arasında yeni əməkdaşlıq formatı yaratdığını, eləcə də aparılan müzakirələrin ölkəmiz və qardaş türk dövlətlərinin post-pandemiya şəraitində müvafiq istiqamətdə fəaliyyətlərinə töhfə verdiyini bildirib.
Konfransın “KOB-lara göstərilən dövlət dəstəyi: qanunvericilik və proqramlar” mövzusuna həsr edilmiş sessiyasında çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini və TÜRKPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa parlament tərəfindən ölkə iqtisadiyyatının, eləcə də qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan kiçik və orta biznes ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin həyata keçirildiyini vurğulayıb. O, dövlət və özəl sektorlar arasında əməkdaşlığın inkişafı istiqamətində işlərin davam edilməsinin vacibliyini qeyd edib.
TÜRKPA çərçivəsində Milli Məclisin model qanunların hazırlanması sahəsində müsbət təcrübəsi haqda məlumat verən deputat, TÜRKPA-ya üzv qardaş ölkələrdə bu sahədə qanunvericilik təcrübəsinin öyrənilməsinin böyük maraq kəsb etdiyini bildirib.
Konfransın “Pandemiya ilə mübarizə və KOB-lara dəstək məqsədilə həyata keçirilən qanunvericilik tədbirləri” mövzusuna həsr edilmiş növbəti sessiyasında Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edənlər ölkəmizdə Kiçik və Orta Biznesin inkişaf etdirilməsi, bu sahədə görüləcək işlər barədə fikirlərini bildiriblər, belə konfransların əhəmiyyətindən danışıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi