Milli Məclisdə görüş
Fevralın 21-də Milli Məclisin deputatı, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşüb.
Videokonfrans formatında keçirilən görüşdə nazir müavini Honda Taronu salamlayan Əminə Ağazadə Azərbaycan və Yaponiya arasında mövcud olan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərindən danışıb.
Yaponiya-Azərbaycan münasibətlərinin daim inkişafda olduğunu qeyd edən deputat bu illər ərzində Yaponiyanın Azərbaycanda həyata keçirdiyi çoxsaylı dəstək proqramları, müxtəlif qrant və güzəştli kredit layihələrinə görə təşəkkür edib.
Milli Məclisin deputatı yaponiyalı diplomata Azərbaycanın Vətən müharibəsində qələbəsi, regionda yaranan yeni reallıqlar barədə məlumat verib. Əminə Ağazadə vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəsi ilə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin edib. Əminə Ağazadə münaqişənin artıq tarixə qovuşduğunu, regionda əməkdaşlıq üçün unikal imkanlar yarandığını bildirərək Azərbaycanın regionda davamlı sülhün və inkişafın bərqərar olması üçün atdığı əməli addımları qeyd edib.
Əminə Ağazadə işğal illərində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən və fevralın 26-da 30 ili tamam olacaq Xocalı soyqırımı barədə də məlumat verib.
Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatı, regionda davamlı sülhü və əməkdaşlığı dəstəklədiklərini bildirib, Yaponiyanın “Qafqaz təşəbbüsü” proqramından bəhs edib.
Yaponiya ilə müstəqil Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 iliyinin tamam olması, Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən 2022-ci ilin “Yaponiya-Azərbaycan dostluq ili” elan edilməsi münasibətilə keçiriləcək tədbirlərdən söz açan diplomat ölkəsinin Azərbaycanla mədəniyyət, təhsil, iqtisadi və digər sahələrdə, o cümlədən parlamentlər səviyyəsində qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi