Milli Məclisin sədr müavini Adil Əliyev Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb

Tədbirlər
24 fevral 2022 | 16:35   
Paylaşın:        

Fevralın 24-də Milli Məclisin sədr müavini Adil Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.

Vitse-spiker qonağı salamlayaraq,  Azərbaycan-Meksika əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Hər iki ölkənin tarixinə, mədəniyyətinə nəzər salan sədr müavini qarşılıqlı əlaqələrin inkişafının xalqlarımızın maraqlarına uyğun olduğunu diqqətə çatdırıb. Qanunvericilik orqanları arasında münasibətlərdən danışan Adil Əliyev parlamentlərin dövlətlərimiz arasında münasibətlərin inkişafına özünəməxsus töhfə verdiyini qeyd edib, iqtisadi, təhsil, elm, mədəniyyət sahələrində olan qarşılıqlı əlaqələrdən danışıb.

Hazırda Xocalı soyqırımının 30-cu ildönümünün qeyd olunduğunu bildirən vitse-spiker faciə barədə məlumat verib. Bildirib ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il ərzində davam edən işğalına son qoysa da, Xocalı soyqırımının günahkarları hələ də cəzalandırılmayıb.

Söhbət zamanı vitse-spiker Adil Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına cavab olaraq  Meksika parlamentinin 2012-ci ildə Xocalı soyqırımını tanıyaraq ədalətli mövqe sərgilədiyinə görə səfirə bir daha minnətdarlığını bildirib, bundan sonra da iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Rodriqo Labardini səmimi görüşə görə təşəkkür edərək, ölkələrimiz arasında olan münasibətlərin yüksələn xətlə inkişaf etməsini məmnunluqla qeyd edib. Azərbaycanla Meksika arasında artan ticarət dövriyyəsinə toxunan səfir, münasibətlərin dərinləşməsinin  xalqlarımıza, dövlətlərimizə faydasından danışıb. Hər iki ölkənin bu münasibətlərin inkişafında maraqlı olduğunu deyən səfir, bundan sonra da iqtisadi, mədəni, idman sahələrində əlaqələrimizin uğurla davam edəcəyinə əminliyini ifadə edib. Azərbaycanda olduğu müddət ərzində burada sürətli inkişafın şahidi olduğunu söyləyən diplomat, ölkəmizə bundan sonra da uğurlar arzulayıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU