Milli Məclisin iclasında Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat qəbul edilib

Plenar iclaslar
25 fevral 2022 | 17:40   
Paylaşın:        

Fevralın 25-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.

İclası açan spiker Sahibə Qafarova bildirib ki, bu kədərli günlərdə Azərbaycan xalqı Xocalı şəhərində erməni şovinizminin vəhşiliyinin qurbanı olmuş günahsız insanların xatirəsini dərin hüznlə yad edir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Spikerin təklifi ilə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, onlara Allahdan rəhmət diləkləri ifadə olunub.

Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, misilsiz qəddarlıq və cəzasızlıq timsalı olan Xocalı soyqırımı XX əsrdə bəşəriyyətin üzləşdiyi ən dəhşətli kütləvi qırğın aktları ilə bir sırada dayanır.

Doğma torpağının müdafiəsinə qalxan xalqımızın mübarizə əzmini sarsıtmaq niyyəti ilə törədilmiş qanlı cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın və 70 nəfər qoca milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülən insanlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Təkcə bizim xalqımıza qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu cinayət əməlinin təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir.

Spiker bildirib ki, Xocalı soyqırımı son iki yüz ilə yaxın dövrdə xalqımıza qarşı həyata keçirilən  qəsbkarlıq və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Məlum olduğu kimi, tarixin müəyyən dövrlərində böyük dövlətlər öz geosiyasi planlarını reallaşdırmaq üçün uydurma “erməni məsələsindən” bir alət kimi istifadə ediblər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni şovinistlərinin “böyük Ermənistan” xülyasına düşməsi Cənubi Qafqazın yerli əhalisinə saysız-hesabsız fəlakətlər gətirib.

XX əsrin əvvəllərində on minlərcə günahsız azərbaycanlı və digər xalqların nümayəndələri etnik və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında, yəni keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradılıb, üstəlik, azərbaycanlılara məxsus olan əlavə 20  min kvadratkilometrdən çox ərazi də bu süni dövlət qurumuna qatılıb.

Azərbaycan ərazisində ermənilər üçün sovet hakimiyyəti zamanı qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilib. 1948–1953-cü və 1988–1993-cü illərdə 1,5 milyon nəfərə qədər azərbaycanlı doğma yurdlarından deportasiya edilib və ya qovulub. 30 ilə yaxın dövrdə isə Azərbaycan ərazisinin 20 faizi işğal altında saxlanıb. 

Sahibə Qafarova qeyd edib ki, erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı etnik dözümsüzlük və düşmənçilik ruhunda tərbiyə edilib. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılıb, ermənilərin tarixi şişirdilərək qədimləşdirilib, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılıb.

Erməni şovinizminə qarşı dövlət səviyyəsində mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ali hakimiyyətə qayıtdıqdan sonra təşkil edilib.

Ulu öndər Xocalı faciəsinə beynəlxalq aləmdə düzgün siyasi qiymət verilməsinin zəruriliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün düşünülmüş tədbirlər həyata keçirib.  “Azərbaycanlıların soyqırımı haqqında” ulu öndərin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan verib. Fərmana əsasən 31 mart günü davakar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət edib, Xocalı  faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirib.

Milli Məclisin sədri bildirib ki, bu gün Xocalı soyqırımının dünyada tanıdılması məqsədi ilə həyata keçirilən işlərin strateji əsasını və hədəflərini də dövlət başçısının fikirləri təşkil edir. Spiker cənab Prezidentin bu sözlərini xatırladıb: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin   XIX–XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Xocalı soyqırımının ildönümlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşləri Xocalı soyqırımı ilə bağlı aparılan geniş miqyaslı işin mühüm mərhələlərini təşkil edir.

Sabah növbəti yürüş keçiriləcəkdir. Ümumxalq yürüşləri Azərbaycan xalqının Xocalı faciəsini, erməni şovinistlərinin törətdiyi digər cinayətləri bir an belə unutmadığını nümayiş etdirir.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası ilə bağlı görülən işlər ardıcıl davam etdirilir.

Spiker qeyd edib ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının  icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Sahibə Qafarova belə bir fikir ifadə edib ki, neçə illər keçsə də, Azərbaycan xalqı Xocalı faciəsinin ağrı-acısını unuda bilməz və heç zaman unutmamalıdır. Spiker gec-tez haqq-ədalətin öz yerini tutacağına və bu cinayətin ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiq olduqları cəzaları alacaqlarına əminliyini bildirib. 

Parlamentin sədri məlumat verib ki, Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi xüsusi bəyanatlar, müraciətlər və qərarlar qəbul edib. Beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən tələb edilib ki, XIX–XX əsrlərdə erməni şovinizminin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanısınlar və  gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırsınlar.

Digər dövlət hakimiyyəti orqanları ilə əməkdaşlıq şəraitində Milli Məclisin bu sahədə gördüyü tədbirlər məqsədyönlü xarakter daşıyır.

Sahibə Qafarova bildirib ki, 2 il ərzində həm Bakıda keçirdiyi görüşlərdə, həm də xarici ölkələrə 15 rəsmi və işgüzar səfərdə  bu ölkələrin prezidentlərinə, baş nazirlərinə, xarici işlər nazirlərinə, parlament sədrlərinə və deputatlara Xocalı soyqırımının 30-cu ildönümünün tamam olduğunu xatırladaraq belə bir müraciət edib ki, təmsil etdikləri dövlətlər və parlamentlər tərəfindən Xocalı soyqırımına dair müvafiq qərarların qəbul olunmasına kömək göstərsinlər. O, Milli Məclisin sədri kimi bu günlərdə 75 ölkənin parlament sədrlərinə və 10 beynəlxalq parlament təşkilatının rəhbərlərinə 117 məktub göndərdiyini və  insanlığa qarşı ən qəddar cinayətlərdən biri olan Xocalı qırğınının soyqırımı aktı kimi tanınması üçün zəruri tədbirlər görülməsini xahiş etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, eyni zamanda, Milli Məclisdə fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvləri xarici ölkələrdəki həmkarlarına 65 məktub ünvanlayıblar. 

Milli Məclisin sədri nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər sayəsində Qarabağın əsarətdən azad  edilməsi, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması son iki yüz ilə yaxın dövrdə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyub. Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilib. Bütün bunlar xalqımıza qarşı yeni cinayətlərin baş verməməsinə ən yaxşı təminatdır.

Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında daimi sülhün bərqərar edilməsi, sivil dövlətlərarası münasibətlər qurulması  üçün tarixi imkan yaranıb. Əgər Ermənistan Respublikası bu tarixi imkanı lazımınca dəyərləndirərsə, Azərbaycan və erməni xalqlarının dinc yanaşı həyatının təmin edilməsi mümkün ola bilər. 

Yox, əgər Ermənistan Respublikasında  Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan qisasçı ritorika və hərəkətlərin qarşısı alınmazsa, Xocalı soyqırımının, dinc əhaliyə qarşı digər cinayətlərin törədilməsinə gətirib çıxarmış milli nifrət və düşmənçilik ideologiyasından imtina edilməzsə, bu, ilk növbədə erməni xalqının  özü üçün ağır nəticələr doğuracaqdır.

Spiker çıxışını möhtərəm Prezident İlham Əliyevin bu sözləri ilə bitirib: “Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

Sonra Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.

İclasda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsinin hazırlanması üçün Milli Məclisin vitse-spikeri Adil Əliyevin rəhbərliyi ilə 7 deputatdan ibarət komissiya yaradılıb.

Məsələnin müzakirəsində Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Razi Nurullayev, Jalə Əliyeva, Emin Hacıyev, Musa Qasımlı, Fəzail Ağamalı, Aydın Hüseynov, Cavid Osmanov, Rəşad Mahmudov, Aqiyə Naxçıvanlı, Asim Mollazadə, Bəhruz Məhərrəmov, Azər Badamov və Elman Nəsirov çıxış ediblər.

Millət vəkilləri 30-cu ildönümü tamam olan Xocalı soyqırımını ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və işğalçılıq siyasətinin ən qanlı səhifələrindən biri kimi xarakterizə ediblər, Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması, hüquqi-siyasi qiymətin verilməsi, canilərin məsuliyyətə cəlb edilməsi ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda deputat Kamal Cəfərov Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını səsləndirib.

Sənəd səsə qoyularaq qəbul olunub (Bəyanatın mətni mətbuatda dərc edilir).

 

***

Fasilədən sonra Milli Məclis işini davam etdirib.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvünün seçilməsi haqqında Milli Məclisin qərar layihəsidir. Deputat Razi Nurullayevin bu komitənin üzvü seçilməsi təklif olunur. Məsələ səsə qoyularaq təsdiqlənib.

Spiker bildirib ki, gündəliyin növbəti 4 məsələsi üçüncü oxunuşdadır.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirib ki, layihənin qəbulu Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üzrə ayrılıqda yalnız dinc və müharibə dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normasının müəyyən edilməsinə zəmin yaradacaqdır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, növbəti iki layihə bir-birilə bağlı məsələlərdir.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Komitə sədri qeyd edib ki, layihə qazdan istifadə zamanı qəza və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə hazırlanıb. Sadiq Qurbanov ikinci oxunuşdan sonra layihəyə müayinə ilə bağlı əlavənin  edildiyini diqqətə çatdırıb.

 Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.

Bildirib ki, sənəddə qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı cərimələr nəzərdə tutulur.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra iclasda Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə  qanun  layihəsi (üçüncü oxunuş) haqqında məlumat verib, ikinci oxunuşdan sonra yeni təklif daxil olmadığını qeyd edib.

Sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin növbəti məsələsi olan "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev məlumat verib. Bildirib ki, təklif olunan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, "Media haqqında" qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Prezidentinin 8 fevral 2022-ci il tarixli Fərmanının 1.1.1-ci maddəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması qeyd olunub. Bununla əlaqədar qanunun müvafiq maddələrinə lazımi düzəlişlər aparılıb və "Milli Televiziya və Radio" sözləri "Azərbaycan Respublikası Audiovizual" sözləri ilə əvəz edilib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyətini açıqlayıb. Bildirilib ki, dəyişikliyin məqsədi məhz idxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizminin yaradılmasının təsbit edilməsidir.

Qeyd edilib ki, qanunda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub. Qanunun 16-4.4-1-ci maddəsinə əsasən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri 2022-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minir. Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə qanunun qeyd olunan müvafiq maddələrinin tətbiqinin 2023-cü il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov mahiyyətcə bir-birinə bağlı olan növbəti iki məsələ - “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş) və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri barədə məlumat verib.

Bildirib ki, Gəncə şəhərinin inzibati ərazi bölgüsündə təklif olunan dəyişikliklərə əsasən, idarəetmənin təkmilləşdirilməsi məqsədilə şəhərin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır. Bələdiyyələrin siyahısına təklif olunan dəyişiklik də bununla əlaqədardır. Məsələ Gəncə şəhərindən seçilmiş deputatların iştirakı ilə komitədə geniş müzakirə olunub.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev təqdim edib. Bildirib ki, dəyişiklik Məcəllənin 102.4-2-ci maddəsinin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, həmin maddəyə əsasən, sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

İcazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

İclasda qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başlamazdan əvvəl, Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə söz alaraq bu günlərdə Polşada Azərbaycan-Polşa diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirakı barədə məlumat verib.

Sonra qanun layihəsinin müzakirəsinə başlanılıb. Milli Məclisin komitə sədri Siyavuş Novruzovun, deputatlardan Razi Nurullayevin, Fazil Mustafanın, Aydın Hüseynovun və Fəzail Ağamalının fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU