Macarıstanda Xocalı faciəsinə həsr olunmuş onlayn konfrans keçirilib

Tədbirlər
25 fevral 2022 | 18:55   
Paylaşın:        

Fevralın 25-də Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi və Kütləvi Zorakılığın Qarşısının Alınması üzrə Budapeşt Mərkəzinin birgə təşkilatçılığı ilə onlayn konfrans təşkil edilib.

Konfransda Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Şahin Seyidzadə, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Kütləvi Zorakılığın Qarşısının Alınması üzrə Budapeşt Mərkəzinin sədri Georgi Tatar və hər iki ölkənin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib, Xocalı soyqırımı barədə məlumat verilib, soyqırım və müharibə cinayətləri, münaqişələr sonrası barışıq prosesi ilə bağlı mövcud beynəlxalq təcrübədən bəhs olunub, regionda dayanıqlı sülh üçün Ermənistanın Xocalı soyqırımına görə məsuliyyəti qəbul etməsinin vacibliyi vurğulanıb.

Milli Məclisin deputatı Şahin Seyidzadə çıxışında tədbir iştirakçılarını Xocalı faciəsinin tarixi və hüquqi aspektləri barədə məlumatlandırıb, həmçinin ölkəmizin 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsini, beynəlxalq aləmdə tanınan sərhədlərimizin və ərazi bütövlüyümüzün bərpa olunduğunu diqqətə çatdırıb.

Daha sonra, Xocalı faciəsinin şahidi Həsən Ələkbərov, həmçinin litvalı hərbi jurnalist, Xocalı faciəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına mühüm töhfə vermiş Riçardas Lapaitis şahidi olduqları dəhşətli hadisələr barədə danışıblar.

Qeyd edək ki, onlayn konfransda Vaqif Mustafayevin Xocalı soyqırımına həsr olunmuş “Dərdimi çəkirəm” adlı qısa film də nümayiş etdirilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU