İnsan hüquqları komitəsinin iclasında

Komitə iclasları
01 mart 2022 | 16:24   
Paylaşın:        

Martın 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

İclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib ki, gündəliyə bir məsələ - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2021-ci il üzrə məruzəsinin müzakirəsi daxil edilib. Məsələ ilə bağlı çıxışında komitə sədri Azərbaycanda Ombudsman təsisatının keçdiyi yola diqqət çəkib.

Zahid Oruc Vətən müharibəsində Azərbaycanın qələbəsinin insan hüquq və azadlıqlarının təminatı sahəsində qarşıya çıxardığı çağırışlardan söz açıb, şəhid ailələri və müharibə veteranlarının hüquqlarının təminatının diqqətdə saxlanmasının vacibliyini vurğulayıb.

Bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı qeyri-obyektiv mövqe sərgiləməsinə toxunan komitə sədri bu istiqamətdə Ombudsman təsisatının beynəlxalq nüfuzundan yararlanmağın faydalı olacağına diqqət çəkib.

İclasda İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Hikmət Məmmədov, Razi Nurullayev, Naqif Həmzəyev, Fazil Mustafa, Tural Gəncəliyev, Elman Nəsirov, Bəhruz Məhərrəmov müzakirəyə çıxarılan hesabatla bağlı fikirlərini bildiriblər, cəmiyyətdə bu instituta etimadın yüksəldiyini qeyd ediblər. Millət vəkilləri Ombudsman təsisatının 44 günlük Vətən müharibəsində aktiv fəaliyyətinə toxunaraq bu fəaliyyətin davam etdirilməsinin və Ermənistan tərəfindən azərbaycanlıların tapdanan hüquq və azadlıqlarının diqqətdə saxlanılmasının vacibliyini vurğulayıblar. Deputatlar məruzədə irəli sürülən təkliflər, ombudsman təsisatının gələcək fəaliyyət istiqamətləri, insan hüquq və azadlıqlarının təminatının aktual məsələləri ilə bağlı rəylərini səsləndiriblər.

Sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məruzə ilə bağlı deputatların qeydlərinə izahat verib, sorğularını cavablandırıb.

Müzakirələrin sonunda məruzə səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU