Milli Məclisin sədr müavini şəhidin anım tədbirində iştirak edib
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhid İzzət Həmidovun doğum günü ilə bağlı keçirilən anım tədbirində iştirak edib.
Şəhid ailələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Milli Məclisin vitse-spikeri Adil Əliyev tədbirdə çıxış edib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Ermənistanın 30 ilə yaxın işğalda saxladığı tarixi torpaqlarımızı azad edərək bizə tarixi qələbə bəxş etdiyini bildirib. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizin qüdrətinin dünyaya nümayiş olunduğunu, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edildiyini diqqətə çatdırıb. Vitse-spiker xalqımızın ona bu qələbəni bəxş edən qəhrəmanlara borclu olduğunu qeyd edib. Məhz qəhrəmanlarımızın qanları, habelə dövlət başçısının rəhbərlik etdiyi uğurlu hərbi və diplomatik missiyanın nəticəsində düşmən döyüş meydanında məğlub olaraq, kapitulyasiya aktını imzalayıb. Daha sonra vitse-spiker şəhid ailələrin və qazilərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olmasını, qayğılarının həlli ilə bağlı tapşırıqların verilməsini qeyd edib.
Tədbirdə çıxış edən Şəhid İzzət Həmidovun ailə üzvləri və yaxınları şəhidin həyatından, keçdiyi şanlı döyüş yolundan, müharibədə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Onlar göstərilən yüksək diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid İzzət Həmidov Azərbaycan Prezidentinin müvafiq sərəncamları Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi