Birləşmiş Krallıq parlamentinin 12 üzvü Xocalı soyqırımının ildönümü münasibətilə birgə bəyanatla çıxış edib
Birləşmiş Krallıq Parlamentinin İcmalar və Lordlar palatalarından olan 12 üzvü Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə birgə bəyanatla çıxış ediblər.
İndiyədək Birləşmiş Krallıq parlamentarilərinin Xocalı faciəsinə dair qəbul etdikləri ilk birgə təşəbbüs olan bu bəyanatda qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, yaxınlarını itirən həmvətənlərimizə başsağlığı verilib, xalqımızla həmrəylik ifadə edilib.
Bəyanatda müharibənin gedişində ən irimiqyaslı mülki itkilərlə səciyyələnmiş Xocalı qətliamı parlamentarilər tərəfindən Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi xarakterizə edilib. Həmçinin Avropa İnsan Haqları Məhkəməsinin Xocalıda baş verənləri hərbi cinayət və bəşəriyyətə qarşı cinayət kimi xarakterizə edən 22 aprel 2010-cu il tarixli qərarı da xatırlanaraq, gələcəkdə belə faciələrin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüququn möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb.
Parlamentarilər münaqişənin başa çatmasını alqışlayaraq, aparılan danışıqların Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidvar olduqlarını qeyd ediblər.
Bəyanatda həmçinin, post-münaqişə mərhələsində ərazilərin minalardan təmizlənməsi, komunikasiya-nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası kimi çağırışların mövcudluğu qeyd olunub, bu məsələlərin həlli, xüsusilə də ərazilərin minalardan təmizlənməsi istiqamətində Birləşmiş Krallıq hökumətinə çağırış edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi