Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzülüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub.
Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qeyd edək ki, ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev və Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə müşayiət ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi