Milli Məclisin plenar iclasında Ombudsmanın hesabatı dinlənilib

Plenar iclaslar
04 mart 2022 | 18:30   
Paylaşın:        

Martın 4-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlər müzakirə olunub.

Müzakirələr zamanı komitə sədri Zahid Oruc, deputatlardan Elman Nəsirov, Könül Nurullayeva, Fazil Mustafa, Ceyhun Məmmədov, Sabir Rüstəmxanlı, Şahin İsmayılov, Cavid Osmanov, Bəhruz Məhərrəmov, Müşfiq Cəfərov dünyada və ölkəmizdə gündəmdə olan məsələlər barədə fikirlərini açıqlayıblar. Çıxışlarda Rusiya-Ukrayna müharibəsi, bu məsələdə Azərbaycanın mövqeyi, dövlətimizin hər iki ölkə ilə münasibətləri barədə fikirlər səsləndirilib, ölkəmizdə hərbi,  təhsil, humanitar sahələrdə görülən işlərdən bəhs edilib. Millət vəkilləri, həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezidentin Sərəncamının əhəmiyyətindən söhbət açıblar, bir sıra digər məsələlərə toxunublar.

Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb iclasın gündəliyində 11 məsələ var. Bildirilib ki, birinci məsələ Milli Məclisin nəzarət funksiyasının mühüm bir istiqamətinin həyata keçirilməsi ilə bağlıdır. Qanunvericiliyə uyğun olaraq, bugünkü iclasda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Spiker qeyd edib ki, bugünkü iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və digər şəxslər iştirak edirlər.

Daha sonra iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilib. İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında 2021-ci il üzrə məruzəni təqdim edib.

Bildirib ki, ötən müddət ərzində ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində mühüm addımlar atılıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin aparılması, müasir tələblərə cavab verən çoxşaxəli infrastrukturun qurulması, tarixi, dini və mədəni abidələrin bərpası, dağıdılmış yaşayış məntəqələrinin müasir tələblər səviyyəsində yenidən qurulması, Zəfər Yolunun və Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngəzur dəhlizinin təməlinin qoyulması və bir çox digər mühüm layihələrin həyata keçirilməsi Böyük qayıdışın təmin olunması ilə yanaşı, öz doğma  ocaqlarına qayıdacaq keçmiş məcburi köçkünlərin uzun illərdir pozulmuş hüquqlarının bərpasında xüsusi əhəmiyyətə malikdir. Beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü təmin edən ölkəmiz istər regional, istərsə də beynəlxalq səviyyədə sülh və sabitliyin qorunub saxlanmasına, insan hüquqlarının inkişafına böyük töhfə verib.

Qeyd edilib ki, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində iqtisadi, sosial sahələrdə cavab tədbirləri müalicə və vaksinasiyanın hər kəsə əlçatan olması infeksiyanın yayılmasının qarşısının alınmasına, pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasına, insan sağlamlığının daha effektiv mühafizəsinə imkan yaradıb. Əmək haqlarının, pensiya və müavinətlərin, təqaüd və digər sosial ödənişlərin artırılması, aztəminatlı ailələrin və əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilib.

Ötən dövrdə Ombudsmanın ünvanına ümumilikdə 271442, 2021-ci ildə isə 31092 müraciət daxil olub. 2020-ci illə müqayisədə müraciətlərin sayı 13 faiz çoxalıb. Bu müraciətlərə müəyyən edilmiş qaydada baxılıb, ərizəçilərə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı lazımi məsləhətlər verilib.

Bildirilib ki, əhalinin həssas qruplarının, o cümlədən şəhid ailələrinin, müharibə veteranlarının, ahılların, pensiya yaşına çatmaqda olan vətəndaşların, aztəminatlı və çoxuşaqlı ailələrin rifah halı, məşğulluq vəziyyəti və işsizlik hallarının həlli istiqamətində zəruri tədbirlər həyata keçirilib. Həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin ailə üzvlərinin, evləri dağıdılmış vətəndaşların müraciətlərinə də xüsusi həssaslıqla yanaşılıb, məsələlərin həlli üzrə müvafiq tədbirlər görülüb. Koronavirus pandemiyası şəraitində əmək hüquqlarının müdafiəsinin, insanların işlə təmin olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyən ombudsman, aztəminatlı ailələrin gəlir əldə etməsi məqsədi ilə şəxsi təsərrüfatların yaradılmasına, kiçik biznesin qurulmasına dəstək verilməsi üzrə tədbirlərin, özünüməşğulluğun genişləndirilməsinin bu ailələrin yaşayış şəraitinin yaxşılaşmasında, dövlətin sosial yardımından asılılığın getdikcə aradan qaldırılmasında vacibliyini qeyd edib.

Bildirilib ki, insan hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə əhalinin hüquqi maarifləndirilməsinə, qanunvericiliyin təkmilləşdirilməsinə, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verilib.

Qeyd edilib ki, beynəlxalq səfərlər çərçivəsində keçirilən görüşlərdə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi cinayətlər, Azərbaycanın mülki obyektlərinə raket hücumlarının nəticələri, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən basdırılmış minaların yaratdığı təhlükələr, mina xəritələrinin verilməməsi, verilmiş xəritələrin isə həqiqətə uyğun olmaması və bu halların keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına ciddi maneələr yaratması ilə bağlı məsələlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Eyni zamanda, müxtəlif vaxtlarda ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın raket hücumlarına məruz qalmış mülki yaşayış məntəqələrində faktaraşdırıcı missiyalar həyata keçirib, toplanmış faktlar əsasında hazırlanan hesabatlar müvafiq beynəlxalq təşkilatlara göndərilib. Vətən müharibəsi dövründən başlayaraq ümumilikdə 14 hesabat, 21 bəyanat, 23 müraciət, 150-yə yaxın mətbuat açıqlaması, 2 video-çarx hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib, təsisatın sosial hesablarından yayımlanıb.

Sonra çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, İnsan hüquqları üzrə müvəkkilin 2021-ci il üzrə məruzəsi Konstitusiyaya uyğun olaraq Azərbaycanda insan hüquq və azadlıqlarının durumunun müəyyənləşdirilməsi, eyni zamanda,  mövcud problemlərin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir, habelə müqayisəli təhlillər aparmağa və müxtəlif qanunverici, idarəetmə və digər xarakterli qərarlar çıxarmağı tələb edir. O, cari ildə yaradılmasının 20-ci ildönümünü qeyd edəcək Ombudsman təsisatının mühüm ictimai status qazandığını, dövlət və vətəndaşlar arasında etibarlı instituta çevrildiyini söyləyib. Qeyd edilib ki, məruzədə yüzlərlə insanın şəxsi və onlayn platforma üzərindən qəbulu, 31 mindən artıq vətəndaşın müraciətlərinə baxılması və müvafiq tədbirlərin görülməsi, 184 dəfə cəzaçəkmə müəssisələrinə baş çəkilməsi faktları göstərilib. Müxtəlif hakimiyyət orqanları təmsilçilərinin hər bir müraciətə həssaslıqla yanaşmasının, insanların pozulan hüquqlarının təmin olunmasında ədalət və məsuliyyət nümayiş etdirilməsinin önəmli olduğu bildirilir.

Komitə sədri məruzənin beynəlxalq əməkdaşlıqla bağlı hissəsində müharibə və post-müharibə dövründə Ermənistan tərəfindən insan haqlarının, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması faktlarının müəyyən edilməsi ilə bağlı həyata keçirilmiş tədbirləri  təqdirəlayiq hesab edib. Məruzədə yer alan insan haqları sahəsində milli fəaliyyət proqramının hazırlanıb qəbul edilməsi, əqli mülkiyyət sahəsində ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə qərarlarının icrasının çevikliyi və obyektivliyinin artırılması məqsədi ilə icra qurumları ilə aidiyyəti dövlət orqanları arasında koordinasiyanın təşkili, sosial adaptasiya mərkəzlərinin sayının artırılması və digər məsələlərlə bağlı təkliflərin əhəmiyyətli olduğunu söyləyib.

İclasda İnsan hüquqları üzrə müvəkkilin məruzəsi ətrafında geniş müzakirələr aparılıb. Komitə sədri Qənirə Paşayeva, deputatlardan Nigar Arpadarai, Əziz Ələkbərov, Aydın Mirzəzadə, Erkin Qədirli, Razi Nurullayev, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Sahib Alıyev, Fəzail Ağamalı məruzə ilə bağlı fikirlərini səsləndiriblər, sual və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi nəzərə alınıb.

Sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti beş məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev  “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə  Konstitusiya qanununun layihəsinə dair (üçüncü oxunuş) məlumatında  bildirib ki, təklif edilən dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və "Media haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədardır. Təklif olunan dəyişikliyə əsasən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 4.1.5-ci və 80.0.2.5-ci maddələrində “Milli Televiziya və Radio Şurası” sözləri  “Azərbaycan Respublikası Audiovizual Şurası” sözləri ilə əvəz olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanunun 15-11.8-ci maddəsinə təklif olunan dəyişikliyin məqsədi idxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizminin yaradılmasının təsbit edilməsidir. Qanunun 16-4.4-1-ci maddəsinə edilən düzəlişə əsasən isə, bu qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənəd barədə komitənin rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov növbəti iki məsələni - “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” və  “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələrini üçüncü oxunuşda təqdim edib.

Gəncə şəhərinin inzibati ərazi bölgüsündə təklif olunan dəyişikliklərə əsasən, şəhərin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır. Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə, ləğv edilmiş Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri isə müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir. Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qeyd olunan dəyişikliklərlə əlaqədar Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında da müvafiq düzəlişin edilməsi nəzərdə tutulub.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev  Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışarkən qeyd edib ki, Məcəllənin 81.2-ci maddəsində "75.8-ci,75.11-ci" sözləri "75.9- 75.11-ci" sözləri ilə əvəz edilir. Eyni zamanda, Məcəlləyə yeni 102.4-3-cü maddə əlavə edilir. Əlavəyə əsasən, bu Məcəllənin 102.4-2-ci maddəsində göstərilən əsasla icazə  ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, müzakirəyə çıxarılan növbəti beş məsələ birinci oxunuşda olan qanun layihələridir. Qeyd edilib ki, 7-ci məsələ “Qida təhlükəsizliyi haqqında”  qanun layihəsidir. Məsələ ilə əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov, Agentliyin Aparat rəhbəri Elxan Mikayılov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova və Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov bugünkü iclasda iştirak edirlər.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida təhlükəsizliyi haqqında”  qanun layihəsini birinci oxunuşda təqdim edərkən bildirib ki,  bu gün müzakirəyə təqdim olunan qanun layihəsi milli təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir və beynəlxalq norma və standartlara uyğun hazırlanıb.

9 fəsil, 40 maddədən ibarət olan qanun ölkəmizdə ilkin istehsal, istehsal və emal edilən, ölkəyə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur. Sənəddə göstərilir ki, yerli qida və yem məhsullarının rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması, onların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması sahələri dövlət tərəfindən tənzimlənir. 

Qanun layihəsində qida təhlükəsizliyi sahəsində dövlətin vəzifələri, əsas prinsipləri, istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu ilə bağlı məsələlər öz əksini tapıb. Eyni zamanda, qida təhlükəsizliyi sahəsində bir sıra tələblər, o cümlədən qida və yem məhsullarının, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər bir sıra məqamlara dair tələblər ehtiva olunub.

Layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, həmçinin qida subyektlərinin hüquq və vəzifələri kimi məsələləri əhatə edən müddəalar da yer alıb.

Müzakirələr zamanı çıxış edən komitə sədri Qənirə Paşayeva, deputatlardan Əli Məsimli, Qüdrət Həsənquliyev, Elşən Musayev, Razi Nurullayev, İlham Məmmədov, Vüqar Bayramov  qanun layihəsinin əhəmiyyətindən danışıblar, qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz qeyd və təkliflərini bildiriblər.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov iclasda səsləndirilən fikirlərə münasibətini açıqlayıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı  məlumat verib. Diqqətə çatdırılıb ki, sənəd "Media haqqında" qanuna əsasən hazırlanıb və təklif olunan dəyişiklik lisenziya tələb olunan teleradio yayımı fəaliyyəti subyektlərinin "Media haqqında" qanunla müəyyən edilmiş audiovizual media fəaliyyəti subyektlərinin təsnifatına uyğunlaşdırma məqsədi daşıyır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Komitə sədri Tahir Mirkişili daha sonra “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar bildirib ki, bu sənəd də "Media haqqında" qanuna əsasən hazırlanıb və  teleradio yayımı subyektlərinin adıçəkilən qanunla müəyyən edilmiş audiovizual media subyektlərinin təsnifatına uyğunlaşdırılmasını nəzərdə tutur. Layihədə audiovizual media fəaliyyəti ilə bağlı  dövlət rüsumları öz əksini tapıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edən komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, qanunun 11.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir.

Təklif olunan dəyişikliyə əsasən, bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilir və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilir.  Dəyişiklik qeyd olunan sahələrdə müvafiq dövlət orqanının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

Deputat Əli Məsimli məsələ ilə bağlı fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov  “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında”  qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar məlumat verib.

Bildirilib ki, "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 7 oktyabr 2021-ci il tarixli fərmanı ilə dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə Dövlət Ehtiyatları Agentliyi yaradılıb. 2022-ci il  fevralın 10-da müvafiq fərmanla qurumun nizamnaməsi təsdiq edilib. Müzakirəyə təqdim olunan qanun layihəsi adıçəkilən fərmanlara uyğun olaraq hazırlanıb və dəqiqləşdirmə xarakteri daşıyır.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və  Aqrar siyasət komitələrinin sənədlə bağlı müsbət rəyi dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU