Şəmkir rayonunda vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib

Sədrin görüşləri
05 mart 2022 | 17:10   
Paylaşın:        

Martın 5-də Şəmkir rayonunda Milli Məclisin sədri, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü ilə vətəndaşlara hüquqi yardım aksiyası keçirilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri tərəfindən və rayon sakinlərinə ödənişsiz hüquqi yardımın göstərildiyi aksiyanın açılış tədbirində çıxış edən spiker Sahibə Qafarova, tədbir iştirakçılarını salamlayaraq, əvvəlcə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar və onların uğurlu nəticələri barədə danışıb. Milli Məclisin sədri deyib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyası həyatın bütün sahələrində böyük uğurların əldə olunmasını təmin edib. Görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz dinamik inkişaf edir, vətəndaşların  sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu inkişaf meylləri regionlarda da özünü aydın şəkildə göstərir. Əvvəllər seçicilərin müraciətlərində əks olunan bir sıra məsələlər artıq öz həllini tapıb.

Sahibə Qafarova deyib ki, Milli Məclisin deputatlarının başlıca vəzifələrindən biri seçiciləri narahat edən məsələləri dövlət qurumları qarşısında qaldırmaq, onların həllinə dəstək verməkdir. Spiker, ötən dövrdə seçicilərin müraciətlərində yer almış və onun müraciəti əsasında müvafiq dövlət qurumları tərəfindən həll edilmiş məsələlər, həmçinin, Milli Məclis sədrinin təşəbbüsü ilə həyata keçirilmiş sosial, humanitar layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sahibə Qafarova daha sonra bu günkü aksiya barədə məlumat verərək, deyib ki, Azərbaycan müasir, demokratik, hüquqi dövlət kimi, fundamental hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin olunmasını özünün əsas prioriteti elan edib. Bu istiqamətdə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə hüquq sisteminin modernləşməsini və inkişafını təmin edib. Azərbaycan dövləti hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. Bununla belə, seçici müraciətlərində qaldırılan bir sıra məsələləri araşdıranda məlum olur ki, bu problemlər daha çox vətəndaşın həmin məsələ ilə bağlı lazımi məlumata malik olmamasından irəli gəlir. Xüsusilə, hüquqi məsələlərlə əlaqədar olan müraciətlərin bir çoxunda bu tendensiya müşahidə olunur. Milli Məclisin sədri seçicilərə hüquqi yardım göstərilməsi ilə bağlı tədbirlərin keçirilməsinin bu məsələlərin həllinə dəstək olacağını bildirib.

Tədbirdə çıxış edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bu kimi aksiyaların keçirilməsinin əhəmiyyətini qeyd edərək, tədbirin təşkilinə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirib.

A.Bağırov deyib ki, Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən görülən işlər ölkəmizdə vəkillik institutunun inkişafına mühüm təkan verir. O, bu Sərəncamdan irəli gələrək aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstərilməsi məqsədilə bir sıra addımlar atıldığını xatırladıb. A.Bağırov qeyd edib ki, bu cür ödənişsiz hüquqi yardımın həyata keçirilməsində Vəkillər Kollegiyasının üzvləri fəal iştirak edirlər. Bu aksiyada da Kollegiyanın üzvləri, təcrübəli hüquqşünaslar seçicilərin suallarını cavablandıracaq, onlara hüquqi yardım göstərəcəklər.

Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları Nizami Səfərov, Kamran Bayramov və Nurlan Həsənov iştirak ediblər.

Aksiya zamanı  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri fərdi qaydada hər bir seçicinin müraciətini dinləyərək, onlara hüquqi yardım göstəriblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU