QDİƏT Parlament Məclisi Baş Assambleyasının Bakıda keçirilən 40-cı plenar sessiyası başa çatdı

Tədbirlər
28 noyabr 2012 | 05:11   
Paylaşın:        

      Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Bakıda keçirilən 40-cı plenar sessiyası noyabrın 28-də öz işini davam etdirdi. Plenar sessiyada QDİƏT-ə üzv olan 12 ölkədən  11-nin nümayəndə heyəti iştirak edirdi.
QDİƏT PM-də Ukrayna nümayəndə heyəti başçısının müavini, Ukrayna Ali Radasının deputatı Liliya Qriqoroviç “QDİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatlar” mövzusunda məruzəni təqdim etdi. Məruzə ətrafında aparılan müzakirələr zamanı qeyd olundu ki, dünyada baş verən qlobal maliyyə böhranı bir sıra ölkələrdə işsizlik problemi yaratmış, yoxsulluğun səviyyəsi artmışdır. Lakin QDİƏT-ə üzv ölkələrin bəzilərində, o cümlədən Azərbaycanda sosial təminat sahəsində həyata keçirilən islahatlar nəticəsində əhalinin aztəminatlı təbəqəsinin rifah halı yaxşılaşmış, yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür. Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təminatı sahəsində ciddi islahatlar həyata keçirilmişdir.
“QDİƏT-ə üzv dövlətlərin şəhərləri: iqtisadi, ekoloji, mədəni və sosial inkişaf problemləri” mövzusundakı məruzə ətrafında çıxışlarda isə qloballaşan dünyada ölkələrin hazırladıqları inkişaf strategiyaları, şəhərlərin modernləşdirilməsi, yeni infrastrukturların yaradılması və bu proseslərlə paralel olaraq ekoloji problemlərin həlli, mədəni abidələrin qorunması və digər məsələlər diqqət mərkəzində oldu. Çıxış edənlər konkret olaraq Azərbaycanın paytaxtını misal çəkərək Bakı şəhərində həyata keçirilən yenidənqurma, tikinti işlərinin müsbət nəticələri, ekoloji problemlərin həlli ilə bağlı hazırlanaraq həyata keçirilən layihələri xüsusi qeyd etdilər. İclasda, həmçinin QDİƏT PM sədrinin müavini və Baş katibin inzibati və maliyyə məsələləri üzrə müavini seçildi, reqlamentə dəyişikliklər edildi, maliyyə məsələləri müzakirə olundu, qurumun 2013-cü il yaz sessiyasının mayın 21-dən 23-dək Bolqarıstanın Varna şəhərində keçirilməsi qərara alındı.
Tədbirə yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, üç gün ərzində davam edən sessiyada regionun mühüm məsələləri müzakirə olundu. Sessiya iştirakçıları təşkilata üzv olan ölkələrin Qara Dəniz regionunu sabitlik və tərəqqi zonasına çevirmək, demokratik prosesləri inkişaf etdirmək  əzmində olduqlarını bir daha nümayiş etdirdilər.
Sonra QDİƏT PM-ə sədrliyin rotasiya qaydasında Azərbaycandan Bolqarıstana ötürülməsi ilə əlaqədar Milli Məclisin Sədri Oqtay Əsədov quruma sədrliyin simvolunu Bolqarıstan nümayəndəsinə təqdim etdi.
Tədbirin sonunda mətbuat konfransı keçirildi.
Bununla da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının Bakıda keçirilən 40-cı plenar sessiyası öz işini başa çatdırdı.
      

             
Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU