Səhiyyə komitəsinin iclasında
Martın 10-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.
Komitənin sədri Əhliman Əmiraslanov iclası açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə bir zərfdə Milli Məclisə daxil olmuş beş qanun layihəsi birinci oxunuşda komitənin müzakirəsinə çıxarılıb. Bunlar “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” iki qanun layihəsi, həmçinin Cinayət, İnzibati Xətalar və Cinayət Prosessual məcəllələrində dəyişikliklərin edilməsi ilə bağlı daha üç qanun layihəsidir.
Əhliman Əmiraslanov qeyd edib ki, qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na əsasən hazırlanıb.
Sonra qanun layihələrini təqdim edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva bildirib ki, bu 5 qanun layihəsində 2 istiqamət üzrə dəyişikliklər müəyyən edilib. Belə ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” qanun layihəsində dəyişikliklər narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb. Hər iki sənəddə müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən keçməsi məsələlərinin hüquqi əsasları müəyyən olunub.
Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb.
Kəmalə Paşayeva məlumat verib ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər əsasən narkotik vasitələr hesab olunan bitkilərin satış məqsədi olmadan xeyli, külli miqdarda, xüsusilə külli miqdarda daşınması, əldə edilməsi halları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi zərurəti ilə bağlı hazırlanıb. Qeyd edib ki, məcəllənin 234.1-ci maddəsinin dispozisiyasından “şəxsi istehlak miqdarından artıq” sözlərinin “xeyli” sözü ilə, 237.1-ci maddənin dispozisiyasında isə “və ya onları toplama” sözlərinin “və ya yetişdirmə” sözü ilə əvəz edilməsi təklif edilib.
Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər, həmçinin narkotik vasitələri və ya psixotrop maddələri, onların prekursorlarını satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama ilə bağlı əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə sanksiyaların sərtləşdirlməsini də nəzərdə tutur.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə gəldikdə isə, bildirilib ki, sənəddə satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin cinayət məsuliyyətinə səbəb olmayan hallarda, yəni az miqdarda törədildikdə inzibati xəta kimi müəyyən edilməsi təklif olunub.
Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində prosessual normaların təkmilləşdirilməsini nəzərdə tutur.
Qanun layihələrinin müzakirələrində millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, Nizami Səfərov çıxış ediblər. Deputatlar “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamının tələblərindən irəli gələrək hazırlanmış qanun layihələrini dəstəkləyən deputatlar, sənədlərlə bağlı fikirlərini bildiriblər. Onlar qanun layihələrinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsinə xidmət etməsini təqdir ediblər, həmçinin Azərbaycanda narkotik vasitələri və psixotrop maddələri internet informasiya ehtiyatlarından istifadə etməklə satanların cinayət məsuliyyətinə cəlb edilməsini dövrün tələbi kimi qiymətləndiriblər.
Səhiyyə komitəsinin üzvləri Kamilə Əliyevanın, Kəmaləddin Qafarovun, Ülvi Quliyevin və Anatoliy Rafailovun da iştirak etdiyi iclasda deputatlar yekdilliklə qanun layihələrini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi