Dünya Bankının nümayəndələri ilə görüşdə

Tədbirlər
10 mart 2022 | 18:51   
Paylaşın:        

Martın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Dünya Bankının Orta Müddətli Xərcləmələr Çərçivəsinin Potensialın Gücləndirilməsi Proqramının tapşırıq qrupu ilə onlayn formatda görüşüblər.

Tədbiri açan Dünya Bankının dövlət idarəçiliyi üzrə baş mütəxəssisi və tapşırıq qrupu rəhbəri İan Haukesvors bildirib ki, Dünya Bankı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bu yaxınlarda Orta Müddətli Xərcləmələr Çərçivəsinin Potensialın Gücləndirilməsi Proqramına (OMXÇ PGP) start verib. İan Haukesvors OMXÇ Proqramının istiqamətləri üzrə məsul olan xarici ekspertləri təqdim edib, proqramın xüsusiyyətləri barədə danışıb, missiyanın gündəliyi və işin təşkili barədə məlumat verib.

Onlayn görüşdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda  “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın tətbiqi barədə məlumat verib, dayanıqlı fiskal siyasətin həyata keçirilməsindən, xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsindən bəhs edib.

Sonra iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vüqar Bayramov, Məzahir Əfəndiyev və Aydın Hüseynov Azərbaycanda Dövlət Büdcəsinin hazırlanması, Büdcə prosesi, Milli Məclisdə büdcəyə baxılması və dəyişikliklərin edilməsi qaydası, büdcəyə nəzarət prosedurları kimi məsələlərdən söz açıblar.

Onlayn tədbirdə müzakirələr zamanı Dünya Bankı nümayəndələrinin sualları cavablandırılıb, fiskal institutların inkişafı, o cümlədən büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi və nəticə əsaslı büdcənin tətbiqi kimi istiqamətlər üzrə  qarşılıqlı fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU