Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyevlə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova martın 11-də Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevlə görüşüb.
Qonağı salamlayan spiker Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələri mövcuddur. Xalqlarımızı ortaq köklər, oxşar tarix və ənənələr birləşdirir. Milli Məclisin sədri bildirib ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra münasibətlərimiz yeni mərhələyə yüksəlib. Gələn il Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olacaq.
Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq münasibətlərinə söykənir, siyasi, ticarət-iqtisadi, humanitar, mədəni və digər sahələrdə uğurla inkişaf edir. O, əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin rolunu xüsusi vurğulayıb. Spikerin sözlərinə görə, yüksək səviyyəli görüşlərin dinamikası, beynəlxalq və regional xarakterli bir çox aktual məsələlər üzrə mövqelərin qarşılıqlı dəstəklənməsi Azərbaycan ilə Qırğız Respublikası arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Sahibə Qafarova həmçinin deyib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. O, Türk Şurası çərçivəsində münasibətləri xüsusi qeyd edib.
İki ölkənin parlamentləri arasında münasibətlərdən danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan və Qırğızıstan arasında əlaqələrin inkişafında qanunverici orqanların da özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq əlaqələrinə malikdirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq platformalarda da uğurla əməkdaşlıq edirlər.
Spiker Sahibə Qafarova Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verərək, bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir və biz keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə öz əzəli torpaqlarına qaytarmaq üçün fəal iş aparırıq.
Görüşdə Qırğız Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyev səmimi qəbul üçün minnətdarlığını bildirərək, xalqlarımız arasında zəngin tarixə malik dostluq və qardaşlıq münasibətlərinin hazırda uğurla inkişaf etdiyini söyləyib. O, deyib ki, ölkələrimiz beynəlxalq təşkilatlar, həmçinin, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı çərçivəsində, Türk Şurası məkanında fəal əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyini də diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi