Vitse-spiker Adil Əliyev şəhidlərin xatirəsinə həsr edilmiş tədbirdə iştirak edib
Martın 14-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “Əfsanəvi Tabor”unun 13 şəhidinin xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib.
Şəhid ailələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin müqəddəs ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.
Tədbirin əvvəlində qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilərək, onların döyüş meydanında göstərdikləri şücaət barədə geniş məlumat verilib.
Mərasimdə çıxış edən vitse-spiker Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində misilsiz qələbə qazanaraq, düşmənin 44 gün kimi qısa müddət ərzində məğlub edilməsindən danışıb. Qeyd edib ki, münaqişə ilə bağlı bir sıra beynəlxalq təşkilatların, həmçinin Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan bu qətnamələrə məhəl qoymadı. Nəhayət, məhz igid Azərbaycan övladlarının döyüş meydanında göstərdiyi şücaət, dövlət başçısının həm müharibə, həm də diplomatik müstəvidə göstərmiş olduğu qətiyyətli mövqe nəticəsində Ermənistan döyüş meydanında məğlub olaraq kapitulyasiya aktını imzaladı. Xalqımız ona tarixi Qələbəmizi bəxş edən Vətən övladlarının xatirəsini heç zaman unutmayacaq.
Tədbirdə çıxış edən şəhid valideynləri övladları ilə bağlı xatirələrini paylaşıblar, şəhidlərimizin müqəddəs ruhlarına dualar oxunub.
Sonda şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi