SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
29 noyabr 2012 | 04:11   
Paylaşın:        

Noyabrın 29-da Milli Məclisin Sosial siyasət komitəsinin iclasında “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi müzakirə olundu.
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, polemika doğuran bu vacib qanun layihəsi işçi qrupda beş dəfə müzakirə olunub. Dünya təcrübəsi və mövcud reallıqlar hazırlanmış layihədə öz əksini tapıb. Sosial siyasət komitəsində aparılmış son müzakirədən sonra sənəd sahə mütəxəssislərinin iştirakı ilə yenidən işlənib. Təkliflər nəzərə alınaraq qanunun adı dəyişdirilib. Layihə daha da təkmilləşdirilərək internetdə ictimai müzakirəyə verilib və əhalidən qanunu dəstəkləyən elektron müraciətlər alınıb.
Sonra iclasda qanun layihəsinin yenilənmiş variantı təqdim edildi, düzəlişlər barədə ətraflı məlumat verildi. Müzakirələrdə komitənin sədr müavini Musa Quliyev, deputatlar Əhliman Əmiraslanov, İlham Məmmədov, Sədaqət Vəliyeva, Yaqub Mahmudov fikirlərini bölüşdülər. Hazırkı dövrdə belə bir qanunun vacibliyi xüsusi vurğulandı. Bildirildi ki, ailənin qorunmasına, sağlam nəslin dünyaya gəlməsinə yönəlmiş bu qanunvericilik aktı insanların nəsilartırma hüquqlarını reallaşdırmasına yardımçı olacaq, ekstrakorporal mayalanmadan qanuni yolla istifadə edilməsini tənzimləyəcək. Fikir mübadiləsi zamanı layihə ilə bağlı mühüm məsələlərə toxunan millət vəkilləri sonsuzluğun  qarşısının alınması üçün reproduktiv sağlamlığın profilaktik aspektlərinin də qanunda əhatə olunmasını vacib saydılar. 
İclasda iştirak edən Səhiyyə Nazirliyinin nümayəndələri “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinə və iclasda səslənmiş fikirlərə münasibətlərini bildirdilər. Elmi-Tədqiqat Mama-Ginekologiya İnstitutunun direktoru, respublikanın baş mama-ginekoloqu Faizə Əliyeva sonsuzluq problemi ilə bağlı ölkəmizdəki durum barədə məlumat verdi, bir sıra statistik göstəriciləri diqqətə çatdırdı.
İşgüzar müzakirələrin yekununda qanun layihəsinin daha da təkmilləşdirilməsi qərara alındı. 

 

 

 Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU