Milli Məclisin iclasında Nazirlər Kabinetinin Hesabatı dinlənilib
Martın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti 2021-ci ildəki fəaliyyətinə dair hesabat verir.
Spiker qeyd edib ki, təqdim olunmuş sənədlə tanışlıq belə bir qənaətə gəlməyə imkan yaradır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası ötən il iqtisadiyyatın bütün sahələrində artım dinamikasının qorunub saxlanmasını təmin etmişdir. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlər ardıcıl həyata keçirilmişdir. Bununla əlaqədar mən dövlət başçısının fikirlərinə istinad etmək istəyirəm. Cənab Prezident demişdir: “2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşıya qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır.
... Bu il Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi”.
Sahibə Qafarova diqqətə çatdırıb ki, sosial-iqtisadi inkişaf yollarında ölkəmizin əldə etdiyi nailiyyətlər beynəlxalq maliyyə qurumlarının reytinq siyahılarında onun yüksək yerlərə layiq görülməsi ilə nəticələnmişdir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşmışdır. Davos Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yeri, ölkə rəhbərliyinin islahatlara sadiqliyi baxımından isə 5-ci yeri tutmuşdur.
2021-ci ildə ümumi daxili məhsulun həcmində 5,6 faiz artımın, digər uğurların əldə olunmasının arxasında hökumətin gərgin və səmərəli fəaliyyəti dayanır. Hazırda ölkəmizin 53 milyard dollarlıq strateji valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir. Ötən 1 il ərzində daha da artırılmış iqtisadi potensialımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifənin öhdəsindən gəlməyə imkan verir.
Milli Məclisin sədri öz çıxışında bir neçə məqamı vurğulayaraq söyləyib ki, artıq 2 ildir Azərbaycan COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin ön sıralarında addımlayır. Əhalinin əksəriyyəti peyvəndləmə kampaniyası ilə əhatə olunmuşdur. Bu ilin yanvarından ölkədə böyük həcmli sosial paketlərin icrasına başlanmışdır. Digər tərəfdən, Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində geniş miqyaslı bərpa, quruculuq və yenidənqurma layihələri həyata keçirilir. Həm də bütün bu işləri Azərbaycan kənardan yardım almadan öz maliyyə ehtiyatları hesabına yerinə yetirir.
Cari ildə də dövlətimizin qarşısında böyük vəzifələr dayanır və tam əminliklə söyləmək olar ki, bu vəzifələr də uğurla icra ediləcəkdir.
Parlamentin spikeri bildirib ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır.
O, qeyd edib ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də Hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilmişdir. Eyni zamanda, artıq iki ildir ki, hesabata ayrıca olaraq, Milli Məclis deputatlarının sosial və infrastruktur obyektlərinin əsaslı təmirinə və tikintisinə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflərinin icrası barədə məlumat da daxil edilmişdir.
Sahibə Qafarova deputatların bu gün aparılacaq müzakirədə də fəal iştirak edəcəklərini, səmərəli təkliflər irəli sürəcəklərini deyib.
Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərək bildirib ki, Hökumətin parlamentə hesabat verməsi təcrübəsi konstitusion norma kimi müəyyən olunub. Belə bir hesabatlılıq hər iki qurum arasında konstruktiv və işgüzar əməkdaşlığa töhfə verir, hökumətin gördüyü işləri deputatlarla birlikdə təhlil etməyə və qarşıda dayanan vəzifələri bir daha dəqiqləşdirməyə şərait yaradır.
Baş nazir deyib ki, ötən illərdə olduğu kimi, 2021-ci ildə də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf dinamikası davam edib. O, qeyd edib ki, rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması, dayanıqlı iqtisadi artımın sürətləndirilməsi, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışının təmin edilməsi məqsədilə ölkə Prezidenti tərəfindən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında 2021-ci il 2 fevral tarixli Sərəncam imzalanıb. Sərəncamın icrasının təmin edilməsi və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabineti tərəfindən 5 Milli Prioriteti əhatə edən 10 alt İşçi Qrupu yaradılıb.
Bildirilib ki, 2021-ci ildə makroiqtisadi tarazlığın qorunması başlıca prioritet olub. Pandemiyanın yeni dalğasına baxmayaraq, çevik tədbirlərin görülməsi, peyvəndlənmə prosesinin artımı və sosial təcrid məhdudiyyətlərinin tədricən yumşaldılması nəticəsində iqtisadi fəallıq bərpa edilib. Diqqətə çatdırılıb ki, 2021-ci ildə ölkədə Ümumi Daxili Məhsul 5,6%, sənaye istehsalı 5,2% artmışdır. O cümlədən, artım tempi qeyri-neft sektoru üzrə 7,2%, qeyri-neft sənayesi üzrə 18,9%, kənd təsərrüfatı istehsalında 3,4% təşkil edib.
Məlumat verilib ki, ötən dövrdə xarici ticarət dövriyyəsi təxminən 35,6 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 12,1 mlrd. ABŞ dollarını ötmüşdür. Vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 1,7 mlrd. manatdan çox olmuşdur ki, bu vəsait də 2022-ci ilin dövlət büdcəsinin sosial yönümlü xərclərinin artımına yönəldilmişdir. Ölkənin strateji valyuta ehtiyatları 53,0 mlrd. ABŞ dollarını ötmüşdür və xarici birbaşa dövlət borcunu 7 dəfədən çox üstələyir. 2021-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 7,4 mlrd. ABŞ dolları olub. Dövlət büdcəsinin gəlirləri 25,4 mlrd. manat proqnoza qarşı 26,4 mlrd. manat təşkil edib.
Bildirilib ki, 2021-ci ildə dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, dövlət borcunun idarə olunması, həmçinin şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
2020-ci ildə COVID-19 pandemiyası və neft qiymətlərinin kəskin aşağı düşməsi fonunda meydana çıxan əlavə xərc ehtiyaclarının qarşılanması və kontrtsiklik fiskal siyasətin həyata keçirilməsi zərurəti yaranmışdır ki, bu da bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da büdcə qaydasının tətbiqinin müvəqqəti olaraq dayandırılmasını şərtləndirmişdir. Büdcə qaydasının tətbiqi 2022-ci il 1 yanvar tarixindən bərpa olunub.
Diqqətə çatdırılıb ki, ötən il dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə əksər ölkələrdə, o cümlədən əsas ticarət tərəfdaşlarımızda inflyasiya təzyiqləri yüksəlmişdir. Dünya Bankının əmtəə bazarlarına dair son məlumatlarına əsasən 2021-ci ildə əvvəlki illə müqayisədə enerji qiymətləri 77,0%, qeyri-enerji qiymətləri 20%-dən çox artmışdır. BMT FAO təşkilatının məlumatına görə, dünya ərzaq qiymətləri 23%-dən çox yüksəlmiş və son 10 ilin ən yüksək səviyyəsinə çatmışdır.
Hesabatda bildirilib, 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olmuşdur. Təsadüfi deyildir ki, 2021-ci ildə ölkəmizdə əvvəlki illə müqayisədə orta illik inflyasiya 6,7%, 12 aylıq inflyasiya isə 12% təşkil etmişdir. Ümumi inflyasiyanın 60%-i ərzaq inflyasiyanın payına düşmüşdür. Tədiyə balansının profisitli olması və qəbul edilmiş makro-fiskal çərçivə məzənnə dayanıqlığını dəstəkləmiş, məzənnə sabitliyi inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərmişdir. Qeyd olunub ki, antiinflyasiya siyasəti xüsusi aktuallıq kəsb edir və hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Antiinflyasiya tədbirləri işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması məqsədi daşıyır.
Məruzədə deyilib ki, ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 455 mln. manat vəsait sərf edilib ki, bu da 2020-ci illə müqayisədə 13% çoxdur. Həmçinin, Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 59% aqrar sektora yönəldilmişdir.
Bildirilib ki, hesabat ilində əhalinin, xüsusilə də aztəminatlı və sosial cəhətdən həssas kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ödənilən sosial ödənişlərin, o cümlədən əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.
Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan sosial paket çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə əməkhaqlarında növbəti artımlar edilib. Minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli üzrə müəyyən olunanların əmək haqqında orta hesabla 20 faiz artım baş verib. Minimum əməkhaqqı artımı üçün 2022-ci ilin dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 mln. manat təşkil edir. Ümumilikdə, 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımı ilə bağlı sosial paket 3,4 mln. şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.
Xüsusi olaraq qeyd edilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə 2021-ci ildə 3000-dən artıq mənzil təqdim edilib. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün 2021-ci ilin dövlət büdcəsindən 354 mln. manat vəsait ayrılıb. 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə, xəsarət almış və əlil olmuş hərbi qulluqçulara bütövlükdə təqribən 55 mln. manatdan çox sığorta ödənişləri verilib. Eyni zamanda, 2021-ci ildə də ölkəmizin müdafiə qabiliyyətinin, hərbi qüdrətinin artırılması istiqamətində əməli addımlar atılıb. Yeni silahlar, texnikalar alınıb, ordunun maddi-texniki bazası daha da möhkəmləndirilib.
Baş nazir diqqətə çatdırıb ki, 2021-ci il ərzində Azərbaycan Prezidentinin Sərəncamları ilə regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsinin investisiya xərclərindən 212 mln. manat, Prezidentin ehtiyat fondundan isə 122 mln. manat vəsait ayrılmışdır. Dövlət başçısının müvafiq fərmanına əsasən iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib və ölkədə iqtisadi rayonların sayı 14-ə çatdırılıb, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı ötən ilin dövlət büdcəsindən ayrılmış 2,2 mlrd. manat vəsait demək olar ki, tam istifadə olunub. Qeyd edilib ki, ötən il istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları və digər mühüm avtomobil, dəmir yol və sosial infrastruktur layihələri bölgənin inkişafına əhəmiyyətli təkan verir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizinin hesabat dövründə gerçəkləşməsi üçün əməli tədbirlər görülüb və hazırda davam etdirilməkdədir. Ölkə başçısının fərmanları ilə Ağdam Sənaye Parkı və Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Prezidentin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Belə ki, 11 rayon və şəhərdə ziyanın aradan qaldırılması üçün indiyədək 124 mln. manatdan çox vəsait xərclənib. O cümlədən, nəzərdə tutulan 13 295 obyektdən, 12 824 yaşayış və qeyri-yaşayış tikililərində təmir-bərpa işləri 96,5% icra olunub.
Qeyd edilib ki, 2021-ci ildə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün 800 mln. manat istifadə olunub. Əhalinin vaksinasiyası üçün 433 mln. manat vəsait ayrılıb.
Çıxışının davamında Əli Əsədov 2022-ci ildə Hökumətin qarşısında duran əsas vəzifələr və nəzərdə tutulan işlər barədə də qısa məlumat verib. Cari ildə hökumətin “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn əsas prioritetlərdən danışıb. Bu prioritetlər sırasında dayanıqlı inkişaf; iqtisadiyyatın şaxələndirilməsi, onun rəqabət qabiliyyətinin artırılması; makroiqtisadi və maliyyə sabitliyinin qorunması; fiskal dayanıqlığın təmin edilməsi, xərclərin optimallaşdırılması və qənaət rejimində istifadəsi; biznes mühitinin yaxşılaşdırılması və struktur dəyişikliklərinin sürətləndirilməsi; antiinhisar siyasətinin, həmçiçinin daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi; qlobal ərzaq bazarlarında bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması və ərzaq təhlükəsizliyinin təmini; əhalinin sosial müdafiəsinin gücləndirilməsi və digər mühüm vəzifələrin dayandığını qeyd edib.
Bildirilib ki, ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək, daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq və ərzaq təhlükəsizliyinin təmini istiqamətində tədbirlər görülməsi məqsədilə Prezidentin 2021-ci il 7 oktyabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” yaradılıb.
Baş nazir nəzərə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, tarixi, mədəni irsin bərpası, orada əhali üçün layiqli həyat şəraitinin yaradılması, dövlət başçısı tərəfindən Hökumət qarşısında qoyulan əsas prioritetlər sırasındadır. O, qeyd edib ki, bu il Şuşa şəhərinin 270 illiyi qeyd edilir və dövlət başçısının 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlanıb və təsdiq edilib.
Regionda baş verən son hadisələr, xüsusilə də Ukraynadakı hadisələrin ölkəmizə mümkün təsirləri ilə bağlı fikirlərini səsləndirən Əli Əsədov Ukraynada yaşayan və işləyən soydaşlarımızın təxliyəsi məsələsinə toxunub. Qeyd edib ki, Prezidentin tapşırığına əsasən, bu prosesə bütün aidiyyəti qurumlar cəlb olunub və soydaşlarımızın təxliyəsi, həmçinin təhlükəsizliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Ümumilikdə, 9 246 nəfər təxliyə edilib.
Bildirilib ki, Ukraynadakı hadisələr səbəbindən yaranan digər narahatedici məqamlar – nəqliyyat-logistika, qiymət artımı, idxal olunan məhsullar və müxtəlif qadağalarla bağlı problemlərdir. Lakin Prezident İlham Əliyevin tapşırığına əsasən yaranan çağırışlara adekvat, operativ və çevik cavab verilməsi üçün bu istiqamətdə qabaqlayıcı və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ölkəmizdə əsas məhsullar üzrə lazımi həcmlərdə ehtiyatlar yaradılmış və əlavə təchizatla bağlı təxirəsalınmaz tədbirlər görülməkdədir.
Qeyd edilib ki, qonşu ölkələrin maliyyə-bank sistemlərinin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib. Çünki bizim maliyyə sistemimiz stabildir, milli valyutamız dayanıqlıdır. Valyuta ehtiyatlarımız kifayət qədərdir.
Çıxışının sonunda Əli Əsədov bildirib ki, Milli Məclis tərəfindən qəbul edilən qanunlar sosial-iqtisadi və institusional inkişafın hüquqi bazasını təmin edir. O, qanunvericilik bazasının müasir çağırışlar fonunda təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə Hökumətlə Milli Məclis arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini söyləyib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək bildirib ki, 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbə 2021-ci ilin əsasən qələbənin bütün sahələrdə təsbit edilməsi, bərpa-quruculuq işlərinə start verilməsi ili kimi xarakterizə olunmasına mühüm töhfə verib. Eyni zamanda, iqtisadiyyatı şaxələndirmək, neftdən asılılığı azaltmaq, iqtisadi artımın sürətini və dayanıqlılığını gücləndirmək, əhalinin rifah halını yaxşılaşdırmaq, maliyyə sabitliyini qorumaq kimi vəzifələr də 2021-ci ildə ölkəmiz qarşısında müəyyən edilmiş əsas çağırışlardan olub.
Qeyd edilib ki, təqdim olunmuş hesabat struktur və məzmun baxımından əhatəli və inklüzivdir, dövlət başçısı tərəfindən hökumət qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi səviyyəsinin ölçülməsi üçün xeyli məlumatlarla təchiz olunub. Hesabatda Milli Məclisin deputatlarının təklif və tövsiyələrinin icrasına da geniş yer ayrılıb.
Komitə sədri deyib ki, 2021-ci ilə Azərbaycanda əsasən 3 istiqamətdə, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması, qlobal ərzaq qıtlığı və bahalaşmaya qarşı mübarizə ilə bağlı tədbirlər həyata keçirilib və xeyli uğurlar əldə edilib. Hesabat ilində ölkəmizdə ÜDM-in 5.6%, qeyi-neft-qaz sektorunun 7.2%, qeyri-neft sənayesinin 18.9%, kənd təsərrüfatı istehsalının 3.4%, qeyri-neft ixracının 38.4%, strateji valyuta ehtiyatlarının 2.4 mlrd dollar artması, müsbət ticarət saldosunun 12.1 mlrd dolları ötməsi, xarici birbaşa dövlət borcunun 8.7% azalması və ÜDM-in 13.5%-ni təşkil etməsi, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılması, dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq yerinə yetirilməsi, xərclərinin isə 96%-dən artıq səviyyədə icra olunmasını yüksək qiymətləndiririk.
Tahir Mirkişili qeyd edib ki, ötən il pandemiyaya qarşı iqtisadi tədbirlər paketi çərçivəsində maliyyə dəstəyinin 133 mindən çox vergi ödəyicisini əhatə etməsi sahibkarlar üçün mühüm dəstək olub. O, özəl investisiyaların təşviq edilməsinin, investisiya cəlb edilməsində vahid pəncərə və agentlərin rolundan istifadə edilməsinin faydalı olduğunu söyləyib. 2021-ci il üçün dövlət büdcəsi gəlirlərinin, o cümlədən yerli gəlirlərin proqnozdan artıq icra olunmasını müsbət dəyərləndirib, bütün funksional təsnifat üzrə büdcə xərclərinin ümumilikdə 96.1% icra olunmasını qənaətbəxş hesab edib. 2021-ci ildə Dövlət Büdcəsinin icrasında dayanıqlılığın qorunub saxlanmasını yüksək qiymətləndirib. Maliyyə büdcə sisteminin təkmilləşməsi sahəsində görülən işləri, nəticə əsaslı büdcə sisteminə keçidlə bağlı tədbirləri müsbət dəyərləndirməklə yanaşı, bu sahədə daha çox işlərin görülə biləcəyini deyib.
Parlamentin komitə sədri 2021-ci ildə Milli Məclis və Hökumət, xüsusilə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və iqtisadi blok nazirlikləri arasında konstruktiv əməkdaşlığı yüksək qiymətləndirib. Hesabat ilində Prezident Administrasiyası, Nazirlər Kabineti, xüsusilə Maliyyə və İqtisadiyyat nazirlikləri ilə məhsuldar əməkdaşlığın qurulması nəticəsində qanunvericilik, iqtisadi siyasət, fiskal siyasət, büdcə layihələri sahəsində xeyli keyfiyyət dəyişikliklərinin olduğunu söyləyib. Qeyd edib ki, bu vəzifə dövlət başçısının 2020-ci il 10 mart tarixində parlamentdəki çıxışı zamanı qarşıya qoyulub.
Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təmsil etdikləri komitələrin hesabatla bağlı rəylərini açıqlayıblar. Komitə sədrləri bildiriblər ki, sənəd yüksək səviyyədə və əhatəli hazırlanıb, hökumətin fəaliyyətinin istiqamətləri reallıqlara uyğun əks olunub. Onlar vurğulayıblar ki, 2021-ci ildə dünya iqtisadiyyatında müşahidə olunan çətinliklərə baxmayaraq hesabatdan da göründüyü kimi cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, Azərbaycan iqtisadiyyatının inkişaf meylləri və tempi qorunub saxlanıb.
Qeyd olunub ki, 2021-ci ildə elektroenergetika sahəsi üzrə müasir infrastrukturun yaradılması, yeni texnologiyaların tətbiqi, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər uğurla davam etdirilib, Azərbaycan regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilib. Hesabat dövründə orta aylıq əmək haqqı, pensiya, müavinət və digər sosial ödənişlərin məbləğınin artırılması, əhalinin sosial rifahının qorunması və sosial müdafiəsini təmin etmək üçün kompleks tədbirlərin həyata keçirilməsi müsbət qiymətləndirilib.
Hesabatın müzakirələrində Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov və Hicran Hüseynova, deputatlar İlham Məmmədov, Elnur Allahverdiyev, Mahir Abbaszadə, Nigar Arpadarai, Vüqar Bayramov, Kamal Cəfərov, Vahid Əhmədov, Azər Badamov çıxış ediblər, sənəd barədə fikirlərini açıqlayıblar.
* * *
Fasilədən sonra Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirələri davam etdirilib.
Milli Məclisin komitə sədri Zahid Oruc, komissiya sədri Eldar İbrahimov, deputatlar Kamilə Əliyeva, Səbinə Xasayeva, Aqiyə Naxçıvanlı, İqbal Məmmədov, Naqif Həmzəyev, Sahib Alıyev, Fazil Mustafa, Əli Məsimli, Tahir Kərimli, Cavid Osmanov, Şahin İsmayılov, Aydın Hüseynov, Elman Nəsirov, Musa Qasımlı, Razi Nurullayev, Elşən Musayev, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Sevil Mikayılova çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, Nazirlər Kabineti ötən il qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlib, hökumət ölkə həyatının bütün istiqamətləri üzrə uğurla fəaliyyət göstərib. Deputatlar hökumətin rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması, koronavirus pandemiyası ilə mübarizə, postmüharibə dövrünün çağırışları, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi, sosial, mədəni inkişafın təmin olunması kimi istiqamətlərdə fəaliyyətini təqdir ediblər. Qeyd olunub ki, 2021-ci ildə İcbari Tibbi Sığorta daha geniş və uğurlu şəkildə tətbiq olunmaqla ölkəmizin bütün ərazilərini və vətəndaşlarını əhatə edib, bu sahədə vətəndaş məmnunluğu artıb.
Bununla yanaşı, millət vəkilləri seçicilərinin qarşılaşdığı problemləri də hökumətin diqqətinə çatdırıblar, təmsil etdikləri regionların inkişafı, kommunal xidmətlərin və sosial infrastrukturun yaxşılaşdırılması kimi məsələlərlə, həmçinin Azərbaycanın gələcək tərəqqisi ilə bağlı fikirlərini səsləndiriblər.
Baş nazir Əli Əsədov deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirdikdən sonra hesabat səsə qoyularaq nəzərə alınıb.
Milli Məclisin sədri Sahibə Qafarova Baş nazirə və hökumətə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb, ilin axır çərşənbəsi və qarşıdan gələn Novruz Bayramı münasibətilə iclas iştirakçılarını təbrik edib. Parlamentin spikeri həmçinin möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından bayram münasibətilə təbrik məktubları unvanlamağı təklif edib: “Onlara xalqımızın və dövlətimizin bu günü və gələcəyi naminə dəyərli fəaliyyətlərində yeni və böyük uğurlar arzulayaq!”.
Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Bununla da Milli Məclisin 2022-ci ilin yaz sessiyasının növbəti iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi