Gəncədə şəhid Elvin Mustafayevin doğum günü qeyd olunub
Gəncədə şəhid Mustafayev Elvin Fəxrəddin oğlunun doğum günü qeyd olunub. Tədbirdə Milli Məclisin deputatları Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncə Şəhidlər Xiyabanında qəhrəmanın məzarını ziyarət edən mərasim iştirakçıları Elvinin Vətənə, torpağa, elə-obaya güclü bağlılıq hislərindən danışıblar, şəhidimizin əziz xatirəsini ehtiramla anıblar. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Elvin Mustafayev ölümündən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər.
Qeyd edək ki, Mustafayev Elvin Fəxrəddin oğlu 14 mart 1992-ci ildə Gəncədə anadan olub. O, 27 sentyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı şəhid olub. Elvin Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub, tapıldıqdan sonra Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidlik məqamına ucalan Elvin Mustafayevin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi