Milli Məclisdə görüş

Tədbirlər
16 mart 2022 | 16:23   
Paylaşın:        

Martın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini,  Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı Serbiya Respublikasının səfiri Draqan Vladisavljeviçlə görüşüb.

Qonağı salamlayan Məlahət İbrahimqızı Azərbaycan və Serbiya arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərindən söz açıb, diplomatik münasibətlərimizin qurulmasının tarixinə nəzər salıb, Serbiyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləməsindən bəhs edib.

Millət vəkili hər iki ölkənin dövlət başçılarının səyləri sayəsində qurulan  yüksəksəviyyəli siyasi münasibətlərə toxunub, Azərbaycanın da Serbiyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsini, bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış etməsini vurğulayıb.

Məlahət İbrahimqızı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən bəhs edib, Prezident cənab İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin, Gənclər Şəbəkəsinin təsisi barədə məlumat verib.  O, iki ölkə arasında siyasi sahədə mövcud olan münasibətlərin digər sahələrdə də, o cümlədən parlamentlər arasında da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib.

Milli Məclisin İntizam Komissiyasının sədri, parlamentin Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov öz növbəsində qonağı Milli Məclisdə görməkdən məmnunluq duyduğunu, Azərbaycanın Serbiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməyə həmişə hazır olduğunu bildirib.

Millət vəkili Eldar İbrahimov ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığından, parlamentlərarası əlaqələrin tarixindən danışıb, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub, səfirə fəaliyyətində uğurlar arzulayıb.   

Səfir Draqan Vladisavljeviç səmimi qəbula görə təşəkkür edib, Azərbaycanda qarşılaşdığı mehriban və dost münasibətdən təqdirlə danışıb. Diplomat Azərbaycan və Serbiya arasında diplomatik əlaqələrin 25 ilinin tamam olmasından söz açıb, ölkələrimiz arasında müxtəlif səviyyələrdə, xüsusən də parlamentlər arasında əlaqələrin intensivləşdirilməsinin vacibliyinə, qarşılıqlı biznes əlaqələrin inkişaf etdirilməsi imkanlarına toxunub.

Görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU