Milli Məclisin sədri Sahibə Qafarova Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

Sədrin görüşləri
16 mart 2022 | 18:08   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova martın 16-da Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb. Səfiri salamlayan spiker bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirərək, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər və görüşlərin xüsusi rolunu qeyd edib.

Hazırda Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin mövcud olduğunu deyən Milli Məclisin sədri qeyd edib  ki, bu istiqamətdə daha böyük potensial mövcuddur. O, əməkdaşlığa dair hüquqi bazanın daha da zənginləşdirilə biləcəyinə inamını söyləyib.

Görüşdə  Sahibə Qafarova ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq haqında da məlumat verərək, bildirib ki, bu sahədə geniş və səmərəli əməkdaşlıq var. O, Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.  Spikerin sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Tərəflər arasında enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycan  neftlə yanaşı, həm də Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib.

İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışan Sahibə Qafarova hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini bildirib və bu çərçivədə 2020-ci və 2021-ci illərdə Fransadan olan parlament nümayəndə heyətlərinin ölkəmizə səfərlər etdiklərini, bu səfərlər çərçivəsində  Gəncə şəhərində və Ağdam rayonunda olduqlarını  xatırladıb. O deyib ki, fransalı parlamentarilərin ölkəmizə münasibətdə obyektiv olması və real faktlara istinad etməsi baxımından belə  səfərlər vacib rol oynayır.

Görüşdə Milli Məclisin sədri Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli qərəzli qətnaməsinə də toxunaraq, vurğulayıb ki, bu qətnamə tamamilə Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin bəslədiyi yalan məlumatlara əsaslanır, Azərbaycan torpaqlarının 30 illik işğalından irəli gələn reallıqları təhrif edir. Spiker deyib ki, Avropa Parlamentinin bu qətnaməsi Aİ rəhbərliyinin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində son vaxtlar göstərdiyi səylərə də tamamilə ziddir.

Söhbət zamanı spiker Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verərək deyib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib.  Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib . 30 il ərzində Ermənistan 67 məscidi, o cümlədən, yüzlərlə mədəniyyət abidəsini  məhv edib. O cümlədən, işğal dövründə bütün infrastruktur tamamilə dağıdılıb.

Sahibə Qafarova qeyd edib ki, artıq Qarabağ münaqişəsi tarixə qovuşub və  hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün azad edilmiş ərazilərini minalardan təmizləyir, sürətli bərpa işləri aparır. Burada kommunikasiyaların bərpası, həyata keçiriləcək layihələr bütün regionun inkişafına təkan verəcəkdir.

Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros ölkəsinin Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini deyib. Səfir iki ölkə arasındakı dialoq və münasibətlərə toxunub, iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığı qeyd edib.

Regionda sülh və təhlükəsizliyin təmin olunmasından danışan səfir Z.Qros nəqliyyat və kommunikasiya layihələri, "Şərq-Qərb" nəqliyyat dəhlizinin əhəmiyyətindən danışıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU