Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Komitə iclasları
29 mart 2022 | 16:34   
Paylaşın:        

Martın 29-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

Tədbiri açan komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasın müzakirəsinə “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi çıxarılıb.

Qanun layihəsi barədə qısa məlumat verən komitə sədri sənədin iqtisadi əhəmiyyətindən söz açıb, sazişdə göstərilən neft yataqlarının istismar tarixinə toxunub. O, layihənin yerli investisiyanın cəlb edilməsi, yerli şirkətlərin və kadrların inkişafı, yeni texnologiyaların tətbiqi kimi üstünlüklərinindən bəhs edib.

Sonra SOCAR Upstream MMC-nin qrup rəhbəri Tural Mahmudlu 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında bağlanan saziş əsasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və yenidən işlənməsinin parametrləri barədə məlumat verib. Sazişdə nəzərdə tutulan işlər, onların yerinə yetirilməsi qaydaları və müddətləri barədə izahat verib. Tural Mahmudlu sazişin həyata keçiriləcəyi aralıq dövrü (ilk 24 ay) və hasilat dövründə (aralıq dövründən sonrakı 25 il) həyata keçiriləcək iş proqramlarını, hasilatın artırılması və bölgüsü, kəşfiyyat işlərinin aparılması, Azərbaycan vətəndaşlarının işlə təmin olunması və kadr hazırlığı kimi məsələlərlə bağlı podratçının götürdüyü öhdəlikləri deputatların diqqətinə çatdırıb.

Qanun layihəsinin müzakirəsində Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, komitə üzvləri İltizam Yusifov, Məşhur Məmmədov, Nəsib Məhəməliyev, Fatma Yıldırım çıxış ediblər, sənədlə bağlı fikirlərini bildiriblər.

Deputatlar sənədi Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfində uğurla davam etdirilən neft strategiyasının tərkib hissəsi kimi xarakterizə ediblər.  Millət vəkilləri sazişi köhnə yataqların bərpası və yenidən işlənməsi, müasir standartların tətbiqi və hasilatın artırılması, kadr və peşə hazırlığının nəzərdə tutulması baxımından yüksək dəyərləndiriblər. Onlar həmçinin hazırda yataqların istismarı ilə məşğul olan idarənin işçilərinin işlə təmini, ətraf mühitin qorunması kimi məsələlərin necə həll olunması ilə maraqlanıblar.

SOCAR Upstream MMC-nin icraçı direktorunun müavinləri Davud Yaqubov və Əli Cəfərli, qrup rəhbəri Tural Mahmudlu deputatların iclasda səsləndirdikləri suallarına, qeydlərinə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda komitə üzvləri qanun layihəsini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda deputatlar Afət Həsənova,  Anar Məmmədov, Əliabbas Salahzadə, Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU