Milli Məclisdə görüş

Tədbirlər
30 mart 2022 | 17:33   
Paylaşın:        

Martın 30-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin sədr müavini xanım Mukaddes Nalbant ilə görüşüb.

Qonağı salamlayan Əli Hüseynli Azərbaycanla Bolqarıstan arasında əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət  göstərir.

Birinci vitse-spiker diqqətə çatdırıb ki, Altıncı çağırış Milli Məclisin fəaliyyət göstərdiyi iki il ərzində pandemiya şəraitinə baxmayaraq, spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq fəaliyyəti xeyli gücləndirilib.

Azərbaycanla Avropa arasında həyata keçirilən enerji layihələrində Bolqarıstanın da mühüm rol oynadığını deyən

 Əli Hüseynli 44 günlük Vətən müharibəsində ölkəmizə verdiyi dəstəyə və Bolqarıstan parlamentində Xocalı soyqırımına dair sənədin qəbul olunmasına görə təşəkkürünü bildirib. Birinci vitse-spiker qonağa məlumat verib ki, 2020-ci ildə Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etməklə BMT-nin 4 qətnaməsinin  icrasını öz gücü ilə təmin etməklə yanaşı, həm də ərazi bütövlüyünü bərpa edib.

Azərbaycanda olmaqdan qürur duyduğunu deyən   Bolqarıstan parlamentinin sədr müavini xanım Mukaddes Nalbant ölkələrimiz və xalqlarımız arasındakı səmimi münasibətlərdən danışıb. O, iki ölkə arasındakı dost münasibətlərin bundan sonra da davam edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı parlamentlərarası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolu, bu sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qonaq Azərbaycan xalqına, dövlətinə və parlamentinə bundan sonra da  tərəqqi və inkişaf arzularını çatdırıb.

Görüşdə Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və Bolqarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU