Aqrar siyasət komitəsinin iclasında

Komitə iclasları
31 mart 2022 | 17:17   
Paylaşın:        

Martın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak edib.

Əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə soyqırım qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitənin sədri Tahir Rzayev məlumat verib ki, iclasın gündəliyinə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş) daxil edilib. Qanun layihəsinin birinci oxunuşda geniş müzakirələrdən keçdiyini bildirən komitə sədri sənədin müasir çağırışlar kontekstində qida təhlükəsizliyinin təmini və insanların sağlamlığının qorunması ilə bağlı aktuallığına toxunub.

Tahir Rzayev 9 fəsil 40 maddədən ibarət layihənin “tarladan süfrəyədək” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etdiyini söyləyib. Bu sahədə dövlətin vəzifələrinə toxunan komitə sədri sənədin nəzarət sisteminin təkmilləşdirilməsi, istehlakçıların hüquqlarının daha dolğun təmin olunması cəhətdən əhəmiyyətini vurğulayıb, layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, sertifikatlaşdırma kimi məsələlərin dəqiq və sadə mexanizmlərinin əks olunmasına diqqət çəkib. Komitə sədri deputatların birinci oxunuşda qaldırdıqları məsələlərdən danışıb, qida təhlükəsizliyi sahəsində neqativ hallara toxunub, belə halların aradan qaldırılması üçün maarifləndirmənin və nəzarətin daha da təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin ikinci oxunuşu ilə bağlı fikirlərini bildirib. Birinci vitse-spiker layihənin Milli Məclisdə pozitiv fikir mübadiləsi şəraitində birinci oxunuşdan keçməsini plenar iclasdan əvvəl yüksək səviyyəli və geniş müzakirələrin təşkili ilə əlaqələndirib. Qanun layihəsinin qanunvericiliyin tələblərinə uyğun hazırlandığını qeyd edən Əli Hüseynli sənədin preambula, anlayışlar və keçid müddəaları ilə bağlı indiyədək mövcud olan qanunvericilik texnikası baxımından təkliflərini açıqlayıb.

Müzakirələrdə komitə üzvləri Novruzəli Aslanov, Azər Badamov, Emin Hacıyev, Müşfiq Cəfərov, Aydın Hüseynov çıxış edərək qanun layihəsinin qida təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətini vurğulayıblar, sənədin həm də yerli məhsulların dünya bazarlarına ixracı üçün imkanlar yaratdığını qeyd ediblər. Deputatlar qanun layihəsinin müddəaları ilə bağlı qeydlərini bildiriblər, idxal olunan qida məhsullarının etiketlərinin və məlumatlarının doğruluğuna nəzarətin həyata keçirilməsi, qida zəncirinin bütün mərhələlərində standartlara əməl olunması, məhsullara keyfiyyət kateqoriyalarının verilməsi kimi məsələlərlə bağlı fikirlərini səsləndiriblər.

İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və agentliyin aparat rəhbəri Elxan Mikayılov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, deputat İqbal Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU