Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb
Özbəkistan Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova aprelin 1-də bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Senatın sədri Sahibə Qafarovanın Milli Məclisin sədri kimi bu ölkəyə ilk səfərinin ölkələrimiz və qanunverici orqanlarımız arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını bildirib. O, dost ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini qeyd edərək, deyib ki, Azərbaycanla Özbəkistan bir çox sahələrdə uğurla əməkdaşlıq edir.
Tənzilə Narbayeva ölkələrimiz arasında münasibətlərin dinamik inkişafında ölkə başçılarının rolunu xüsusi vurğulayaraq, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi böyük nailiyyətlərin dost ölkə olan Özbəkistanda da maraqla qarşılandığını bildirib. O, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin yüksək diqqətə layiq olduğunu, Fond tərəfindən həyata keçirilən layihələrin hər kəs tərəfindən təqdir edildiyini diqqətə çatdırıb.
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin rolunu vurğulayan Tənzilə Narbayeva Milli Məclisin sədri ilə bundan öncəki görüşlərini məmnunluqla xatırlayıb. O, deyib ki, qanunverici orqanlarımız arasında sıx təmaslar mövcuddur. Bu isə münasibətlərin daha da dərinləşməsinə şərait yaradır.
Göstərilən yüksək qonaqpərvərliyə və ölkəmizin ünvanına söylənən xoş sözlərə görə, minnətdarlığını bildirən Milli Məclisin sədri Azərbaycan və Özbəkistanın dost ölkələr olduğunu bildirib. O, xalqlarımız arasındakı oxşar dini və mənəvi dəyərlərin, dil birliyinin dərin tarixi köklərə malik olan əlaqələrimizin daha da dərinləşməsinə böyük töhfələr verdiyini qeyd edib. Spiker Sahibə Qafarova Azərbaycan və Özbəkistan arasında münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini xatırladaraq, əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların əhəmiyyətli rolunu qeyd edib. Onun sözlərinə görə, bu səfərlər və aparılan danışıqlar dinamik, səmərəli və qarşılıqlı faydalı münasibətlərin inkişafında mühüm rol oynayır. Yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də münasibətlərimizin inkişafına müsbət təsirini göstərib.
Spiker Sahibə Qafarova iqtisadi sahədə əməkdaşlıqda son illərdə artan dinamikaya nəzər salaraq, bildirib ki, pandemiya ilə əlaqədar qlobal iqtisadiyyatda mövcud vəziyyətə baxmayaraq, Azərbaycan və Özbəkistan arasında ikitərəfli ticarət müsbət inkişaf dinamikası nümayiş etdirib. Azərbaycan və Özbəkistan investisiya sahəsində də əməkdaşlığın təşviqində müəyyən uğurlar əldə ediblər.
İkitərəfli əlaqələrin dərinləşməsində qanunverici orqanların özünəməxsus rolunu qeyd edən spiker Sahibə Qafarova deyib ki, qarşılıqlı təmasların genişləndirilməsi parlamentlərimiz arasında münasibətlərin inkişafına əsaslı töhfələr verir. O, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb. Qeyd edib ki, parlamentarilərimiz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və bir-birinin mövqelərini dəstəkləyirlər.
Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verərək, bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub. Milli Məclisin sədri xüsusilə qeyd edib ki, münaqişə artıq öz həllini tapıb və Azərbaycan bunu özü edib. Sahibə Qafarova dost ölkə olan Özbəkistanin hər zaman artıq keçmişdə qalmış münaqişənin beynəlxalq hüquq normaları, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəklədiyini qeyd edərək, Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini bildirib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərində böyük bərpa və quruculuq işləri aparır. Spiker Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə, Özbəkistana minnətdarlığını bildirərək, bunu dost münasibəti kimi dəyərləndirib.
Qeyd edək ki, görüşdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrupun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev, Anar İsgəndərov və Razi Nurullayev də iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi