Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb

Sədrin səfərləri
01 aprel 2022 | 19:12   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 1-də bu ölkə Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb. Görüşdə Özbəkistanla Azərbaycan arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ticarət-iqtisadi və investisiya münasibətlərinin inkişafı, həmçinin digər sahələrdə geniş əlaqələr yaradılması müzakirə olunub.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Nurdinjon İsmoilov əlaqələrimizin inkişafından danışıb, parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görüləcək işlərdən söhbət açıb. O deyib ki, Özbəkistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Nurdinjon İsmoilov qanunverici orqanlar arasında münasibətlərin bu əlaqələrin inkişafına töhfə verdiyini bildirib. O, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, deputatların qarşılıqlı səfərləri tərəfləri düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, dost ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyini söyləyib. Spiker dövlətlərimizin oxşar müstəqillik yolu keçdiyini diqqətə çatdıraraq, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafında xalqımızın Ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar, sosial-iqtisadi sahədə əldə olunan böyük nailiyyətlər barədə ətraflı məlumat verib.

Görüşdə Sahibə Qafarova iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir. Milli Məclisin sədri münasibətlərimizin hazırkı yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rol oynadığını vurğulayıb.

Milli Məclisin sədri görüşdə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi baxımından mütəmadi dialoqun aparılmasının vacibliyinə toxunub, gələcəkdə münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. Spiker həmçinin Azərbaycan Milli Məclisinin qanunvericilik fəaliyyəti barədə də məlumat verib.

Sahibə Qafarova Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamasından, bu müddətdə zəbt olunan şəhər və kəndlərimizin, mədəni və tarixi abidələrimizin, məscidlərimizin dağıdılmasından və talan edilməsindən danışıb. Milli Məclisin sədri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilib. Hazırda azad olunan torpaqlarda bərpa-quruculuq işləri həyata keçirilir. O, əmin olduğunu bildirib ki, işğaldan azad olunmuş şəhər və kəndlərimiz yenidən qurulacaq və əvvəlki gözəlliyini bərpa edəcək.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə olunduğu görüşdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Milli Məclisin deputatları Cavanşir Paşazadə, Ağalar Vəliyev, Anar İsgəndərov, Razi Nurullayev, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU