Azərbaycan parlament nümayəndə heyəti Özbəkistanda Prezident məktəbində və Həzrəti İmam Məscid kompleksində olub
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti aprelin 2-də Özbəkistan Respublikasına rəsmi səfər çərçivəsində Daşkənd şəhərində fəaliyyət göstərən Prezident məktəbində olub.
Burada nümayəndə heyətinə məlumat verilib ki, ən müasir standartlara cavab verən məktəbdə qabaqcıl tədris texnologiyaları tətbiq olunur. Milli Məclisin sədri Sahibə Qafarova məktəbə xatirə hədiyyəsi və kitablar təqdim edib.
Nümayəndə heyəti Daşkənd şəhərində Həzrəti İmam Məscid kompleksi ilə də tanış olub. Məlumat verilib ki, bu Məscid 2007-ci ildə inşa olunub. Məscidin tikintisi zamanı milli özbək memarlığının elementlərindən geniş istifadə edilib.
Milli Məclisin nümayəndə heyəti XVI əsrdə inşa olunmuş “Muyi-mübarək” mədrəsəsinə və Özbəkistan Müsəlmanları İdarəsinin kitabxanasına da baxıb. Kitabxananın Fondunda VII əsrə aid Qurani-Kərim və digər nadir Şərq əlyazmaları saxlanılır.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi