Milli Məclisin sədri Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşüb

Sədrin görüşləri
04 aprel 2022 | 18:18   
Paylaşın:        

Aprelin 4-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan spiker Sahibə Qafarova bildirib ki, ötən il Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinin 20 ili tamam oldu. Ölkəmiz üzvlüyü dövründə Avropa Şurası və onun institutları ilə konstruktiv dialoq əsasında aktiv əməkdaşlıq edir. Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri bu təşkilatın tədbirlərində, onun komitələrinin işində yaxından iştirak edir. Deputatlarımız AŞPA-nın qurumlarında müxtəlif aparıcı vəzifələrə seçiliblər. Pandemiyaya baxmayaraq, deputatlarımız həmişə AŞPA-nın tədbirlərinə onlayn və ya ənənəvi formatda qatılıblar və sıx əməkdaşlığımızı bundan sonra da davam etdirmək niyyətindəyik.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramı qəbul olunduqdan sonra əməkdaşlığımızın daha da dərinləşməsinə kömək edəcəkdir. Həmin proqramda bir sıra sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

Görüşdə 44 günlük Vətən müharibəsi barədə məlumat verən spiker bildirib ki, Azərbaycan sülh və sabitliyin tərəfdarıdır. Ölkəmiz sülhdən danışmaq istəyir. Azərbaycanın Vətən müharibəsində qələbəsi və 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi regionda yeni reallıqlar yaradıb. Ölkəmiz ərazilərinin tezliklə minalardan təmizlənməsi və 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarının öz yurdlarına qayıtması üçün sürətli bərpa və quruculuq işləri aparır. Ümid edirik ki, Ermənistan Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirəcək. sülh sazişinin imzalanması region ölkələrinin  inkişafına yeni təkan verəcəkdir.

Milli Məclisdə olmaqdan və qonaqpərvər münasibətdən məmnunluğunu bildirən Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç onun təmsil etdiyi təşkilatla Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini qeyd edib. Bildirib ki, AŞ və Azərbaycan arasında qəbul olunması nəzərdə tutulan yeni Fəaliyyət Planı gələcək əməkdaşlığa öz töhfəsini verəcəkdir.

Səfər çərçivəsində keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşən qonaq müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Söhbət zamanı Avropa Şurası və Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU