REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 30-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclası idarə edən komitə sədri Arif Rəhimzadə gündəliyə daxil edilən məsələləri şərh etdi.
Əvvəlcə “Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə” məsələ müzakirə edildi. Bildirildi ki, Ağdaş şəhərinin inzibati ərazisi genişləndirilir. Təqdim olunan qanun layihəsinə əsasən Ağdaş şəhəri ilə həmsərhəd olan Məşəd kəndinin ərazisi bütövlükdə, həmçinin Yuxarı Qəsil, Dəhnəxəlil, Aşağı Zeynəddin və Qaradağlı kəndlərinin ərazisindən ümumilikdə 1237 hektar ərazi şəhərin inzibati ərazisinə daxil edilir. Bu dəyişiklikdən sonra Ağdaş şəhərinin ümumi inzibati ərazisi 2307 hektara çatacaq.
Digər bir qanun layihəsinə əsasən isə Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusu verilməsi məsələsinə baxıldı. Qeyd olundu ki, Ərçivan kəndi son zamanlar çox inkişaf edib, böyüyüb və gözəlləşib. Əraziyə qəsəbə statusu verilməsi infrastruktur imkanlarının daha da artmasına səbəb olacaq.
Hər iki sənədə olunan dəyişikliyi məqbul sayan millət vəkilləri bildirdilər ki, bu barədə bütün lazımı sənədlər qanunauyğun şəkildə təqdim olunub. Yerli əhali də dəyişiklikləri razılıqla qarşılayır.
Müzakirələrdən sonra yekdilliklə qanun layihələrinin Milli Məclisin plenar iclasına baxılmaq üçün təqdim edilməsi qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti