Milli Məclisdə görüş
Aprelin 11-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.
Səfiri Mili Məclisdə salamlamaqdan məmnunluq duyduğunu bildirən Səməd Seyidov ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edib. O, Türkiyə və Azərbaycan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, iki qardaş ölkənin bütün məsələlərdə bir-birini dəstəklədiyini qeyd edib.
Səməd Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini vurğulayıb, həmçinin aprelin 8-də Şuşa şəhərində Milli Məclisin komitələrinin ilk dəfə olaraq keçirilən iclasının və iclasda baxılan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun önəminə toxunub.
Komitə sədri Azərbaycan-Türkiyə arasında parlamentlər səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, parlamentarilərimizin beynəlxalq təşkilatlarda bir-birilərini dəstəklədiyini qeyd edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Cahit Bağcı Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli qardaşlıq və dostluq münasibətlərinin daha da genişləndirilməsi üçün görülən işlərdən, qurulan ikitərəfli və müxtəlif formatlı əməkdaşlıq platformalarından bəhs edib. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli görüşü və görüşün yekunlarına dair Bakı Bəyannaməsinin qəbulunun əhəmiyyətinə toxunan Cahit Bağcı Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Sonra görüşdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, bölgədə dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olmasına yönəlmiş təşəbbüslər dəyərləndirilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi