Koreya səfiri ilə görüşdə
Aprelin 13-də Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn Yonq ilə görüşüb.
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov qonağı səmimi salamlayaraq ona səfirlik fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan və Koreya arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın davam etdiyini bildirən Malik Həsənov Azərbaycan və Cənubi Koreya prezidentlərinin qarşılıqlı səfərləri nəticəsində iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edib.
İqtisadi sahədə əməkdaşlığa toxunan Malik Həsənov Koreya şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən infrastruktur və inşaat layihələrində uğurla iştirak etdiklərini deyib. O, Azərbaycan və Koreya arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğunu deyərək bu istiqamətdə səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrə dəyərli töhfə verəcəyinə inandığını söyləyib.
Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rauf Əliyev də səfirə yeni vəzifəsində uğurlar diləyib, Azərbaycan-Koreya əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib, idman və təhsil sahəsində əməkdaşlıq barədə təkliflərini səsləndirib.
Səfir Li İn-Yonq qəbula görə təşəkkür edib. Səfir kimi ilk fəaliyyətinin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf etməsindən, Azərbaycan-Koreya münasibətlərinin ötən 30 ildə inkişaf etməsindən məmnunluğunu vurğulayaraq, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirib.
Səfir ölkəsinin Azərbaycanda həyata keçirdiyi layihələrdən söz açıb. O, fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişafı üçün bütün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ülvi Quliyev də iştirak edib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi