MDB PA-nın tədbirlərində
Aprelin 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının komissiyalarının videokonfrans formatında iclasları keçirilib. İclaslarda təşkilati məsələlərə baxılıb, model qanun və tövsiyə layihələri müzakirə olunub, 2021-ci ildə görülən işlər təhlil edilib, qurumun növbəti müddət üçün hazırlanan model qanunvericilik işlərinin perspektiv planına təkliflər nəzərdən keçirilib, növbəti iclasların tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.
***
Əvvəlcə MDB PA-nın Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə Birgə Komissiyanın onlayn iclası olub. İclasda MDB PA-nın Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə Birgə Komissiyanın Azərbaycandan olan üzvləri - Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Arzu Nağıyev və Aydın Mirzəzadə iştirak ediblər.
İclasda “İctimai təhlükəsizlik haqqında” model qanun layihəsi, “Radioaktiv, kimyəvi zərərli və patogen bioloji aqentlərin terror məqsədləri üçün istifadəsinin qarşısının alınması ilə bağlı MDB-yə üzv dövlətlərin qanunvericiliyinin təkmilləşdirilməsi üzrə” tövsiyə layihəsi müzakirə olunub, Müstəqil Dövlətlər Birliyinin növbəti müddət üçün hazırlanan model qanunvericilik işlərinin perspektiv planına təkliflər nəzərdən keçirilib, müvafiq qərarlar qəbul edilib və komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.
***
Aprelin 14-də MDB PA-nın elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında keçirilən iclasında Azərbaycandan Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Kamilə Əliyeva və Aqiyə Naxçıvanlı iştirak ediblər.
İclasda öncə təşkilati məsələlər həll olunub, sonra gündəlikdəki növbəti məsələlər müzakirəyə çıxarılıb.
Parlamentarilər “Əqli fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması haqqında”, “Elmi və elmi-texniki fəaliyyət subyektlərinin dövlət attestasiyası (akkreditasiyası) haqqında” model qanun layihələrinə, MDB-yə üzv dövlətlərin model İnformasiya Məcəlləsinə və “Elmi və elmi-texniki ekspertiza haqqında” model qanuna dəyişikliklər edilməsi ilə bağlı layihələrə baxıblar.
Həmçinin elm və təhsil sahəsində model qanun yaradıcılığının perspektiv istiqamətləri, MDB-yə üzv dövlətlərdə müasir əczaçılıq təhsili sisteminin formalaşdırılması üzrə razılaşdırılmış yanaşmalar, təhsil sahəsində rəqəmsallaşmanın normativ tənzimlənməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılaraq dəstəklənməsi, valideynlər və valideyn cəmiyyətləri ilə maarifləndirici işin aparılmasının təşkili və süni intellektdən istifadənin tənzimlənməsi ilə bağlı tövsiyə layihələri nəzərdən keçirilib.
İclasda MDB PA-nın elm və təhsil üzrə daimi komissiyasının 2021-ci il üzrə gördüyü işlərin yekunu, Müstəqil Dövlətlər Birliyinin 2023-2025-ci illər üçün hazırlanan model qanunvericilik işlərinin perspektiv planına təkliflər və digər məsələlərlə də bağlı müvafiq qərarlar qəbul edilib.
Tədbirin yekununda komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.
***
MDB PA-nın Müdafiə və təhlükəsizlik üzrə Daimi Komissiyasının onlayn iclası da aprelin 14-də keçirilib. İclasda Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Adil Əliyev, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Arzu Nağıyev və Aydın Mirzəzadə iştirak ediblər.
MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclasında gündəliyin təsdiqindən sonra təşkilati məsələyə baxılıb.
Sonra “Milli təhlükəsizlik haqqında”, “Fövqəladə operativ xidmətlərin vahid çağırış sistemi haqqında” model qanun layihələrinə baxılıb, “Radioaktiv, kimyəvi zərərli və patogen bioloji aqentlərin terror məqsədləri üçün istifadəsinin qarşısının alınması ilə bağlı MDB-yə üzv dövlətlərin qanunvericiliyinin təkmilləşdirilməsi üzrə” tövsiyə layihəsi nəzərdən keçirilib, həmçinin “İKT sahəsində pozuntuların qarşısının alınması haqqında” model qanun layihəsi üzərində aparılan iş, MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının 2021-ci ildə gördüyü işlərin yekunu, Müstəqil Dövlətlər Birliyinin 2023-2025-ci illər üçün hazırlanan model qanunvericilik işlərinin perspektiv planına təkliflər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul edilib.
İclasda Milli Məclisin deputatı Aydın Mirzəzadə “Milli təhlükəsizlik haqqında” model qanun layihəsinin müzakirəsində çıxış edib, fikirlərini səsləndirib. Deputat müzakirə olunan sənəddə milli maraqlar termininin beynəlxalq hüquqa əsasən dürüstləşdirilməsini təklif edib, regional təhlükəsizliyin prioritetliyi ilə bağlı rəyini bildirib.
Tədbirin yekununda komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.
***
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının aprelin 14-də keçirilən sonuncu video-konfransı Hüquqi məsələlər üzrə daimi komissiyanın iclası olub.
İclasda MDB PA-da nümayəndə heyətimizin üzvləri – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Əminə Ağazadə və Sabir Hacıyev iştirak ediblər.
Əvvəlcə təşkilati məsələlərə baxılıb, sonra MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyası yanında Ekspert Şurasının cari ilin 2 mart tarixində keçirilmiş iclasının yekunları nəzərdən keçirilib.
Daha sonra iclasda bir sıra model qanun layihələri müzakirə olunub, komissiyanın 2021-ci ildə fəaliyyətinin yekunları haqqında məlumat dinlənilib.
Toplantı iştirakçıları həmçinin Demokratiya, parlamentarizm və MDB-yə üzv dövlətlərin vətəndaşlarının seçki hüquqlarının təmin edilməsinin inkişafının monitorinqi Beynəlxalq İnstitutunun Filiallar və Nümayəndəliklər haqqında Nümunəvi Əsasnaməsinin layihəsinə, Müstəqil Dövlətlər Birliyinin 2023-2025-ci illər üçün model qanunvericilik planı layihəsinə dair təkliflərə də münasibət bildiriblər.
İclasda MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasında parlamentin səlahiyyətli nümayəndəsinə dair Əsasnamənin hazırlanması üzrə İşçi qrupunun 2022-ci il fevralın 22-də keçirilmiş iclası haqqında məruzə təqdim edilib. Məsələnin müzakirəsi zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Əminə Ağazadə parlamentin səlahiyyətli nümayəndəsi statusunun aydın şəkildə müəyyən edilməsinin və bu istiqamətdə lazımi işin aparılmasının vacibliyini bildirib.
Tədbirin sonunda Hüquqi məsələlər üzrə daimi komissiyanın növbəti iclasının ilkin gündəliyi və tarixi müəyyənləşdirilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi