Milli Məclisin sədri Sahibə Qafarova Albaniyanın Baş naziri ilə görüşüb

Sədrin görüşləri
14 aprel 2022 | 21:54   
Paylaşın:        

Aprelin 14-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Albaniyanın Baş naziri Edi Ramanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonağı səmimiyyətlə salamlayan Milli Məclisin sədri bildirib ki, bu səfər Azərbaycan ilə Albaniya arasında yaxın dostluq münasibətlərinin göstəricisidir və ölkələrimizin bütün sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu sübut edir.

Spiker Sahibə Qafarova bu səfərin qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə və genişləndirilməsinə yeni təkan verəcəyinə inamını ifadə edib. Bildirib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur, səfirlərimiz iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün çox işlər görürlər.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Albaniya dost və tərəfdaş ölkələrdir, ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir. Transadriatik boru kəməri kimi layihələrin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək də bunun bariz sübutudur.

İki ölkənin münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətindən danışan Sahibə Qafarova Azərbaycanla Albaniya arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin artırılmasının vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, bu gün iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı ticarətin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Milli Məclisin sədri münasibətlərimizin dərinləşməsində parlamentlərin rolunu vurğulayıb. Bu sahədə əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sahibə Qafarova deputatlarımızın beynəlxalq parlament təşkilatları çərçivəsində təmsil olunmasından və səmərəli qarşılıqlı fəaliyyət göstərməsindən məmnunluğunu bildirib, dostluq qruplarının fəaliyyətini təqdir edib.

Söhbət zamanı spiker Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verərək, bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan 20 faiz ərazisini azad edərək ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz bununla bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü həyata keçirib.

Spiker bildirib ki, Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Sahibə Qafarova qeyd edib ki,  hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün sürətli bərpa işləri aparır. Burada kommunikasiyaların bərpası, həyata keçiriləcək layihələr bütün regionun inkişafına təkan verəcəkdir.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan xalqı tolerant xalqdır və ölkəmiz multikultural dəyərlərə sadiqdir. Azərbaycan münasibətlərin normallaşdırılması üçün Ermənistana 5 maddədən ibarət təkliflər irəli sürüb. Artıq qarşı tərəfdən müsbət siqnallar alınmaqdadır. İnanırıq ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq, regionda davamlı sülh və sabitlik bərqərar olacaq. Biz müharibədən deyil, sülhdən danışmaq istəyirik.

Qonaqpərvər münasibətə görə minnətdarlığını ifadə edən Albaniyanın Baş naziri Edi Rama  ölkəsinin Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin Albaniyada müsbət dəyərləndirildiyini diqqətə çatdırıb.

Albaniya nümayəndə heyətinin tərkibinə deputatların da daxil olduğunu deyən qonaq, parlamentlər arasında qanunvericilik sahəsində əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi barədə fikirlərini bölüşüb. Bildirib ki, Albaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həmişə Azərbaycanı dəstəkləyib.

Baş nazir iki ölkə arasındakı qarşılıqlı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Albaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Etibar Əliyev, Azərbaycanın Yunanıstanda və Albaniyada səfiri Anar Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU