Milli Məclisin növbəti iclasında
Aprelin 15-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Deputatlar gündəliyə münasibət bildirdikdən sonra cari məsələlərin müzakirəsi başlanılıb.
Komitə sədri Siyavuş Novruzov, deputatlardan Bəhruz Məhərrəmov, Razi Nurullayev, Musa Qasımlı, Elman Nəsirov, Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Fazil Mustafa, Könül Nurullayeva, Əli Məsimli gündəmdə olan bəzi mövzular barədə danışıblar.
Çıxışlarda Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirənin siyasi və iqtisadi əhəmiyyəti, real vəziyyət barədə vətəndaşların birbaşa ölkə başçısı tərəfindən məlumatlandırılmasının önəmli olduğu vurğulanıb. Deputatlar mətbuatda milli dövlət maraqlarının qorunmasının vacibliyi, ölkədə hərbi vətənpərvərlik tərbiyəsinin daha da genişləndirilməsi məsələlərinə toxunublar. İşğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi insan məzarlıqları ilə bağlı qeyd edilib ki, mülki vətəndaşlara yönəlmiş bu cinayətləri törədənlər məsuliyyətə cəlb olunmalıdır və Ermənistan dövlətinə qarşı beynəlxalq məhkəmələrdə başlanılan işlərdə bu dəlillərdən geniş istifadə olunmalıdır.
Millət vəkilləri seçiciləri düşündürən bir sıra problemləri də diqqətə çatdırıblar, şəhid adının əbədiləşdirilməsi, əlilliyi olan şəxslərin sosial müdafiəsi məsələlərindən bəhs ediblər. Bu ildən başlayaraq təhsil kreditlərinin verilməsini yüksək qiymətləndiriblər.
Sonra iclasda gündəlikdəki məsələlər müzakirə olunub.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün 14 məsələ müzakirəyə çıxarılıb. Qeyd edilib ki, gündəliyin birinci məsələsi “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsidir.
Qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri bildirib ki, gündəliyin ikinci məsələsi ölkə Prezidenti tərəfindən təqdim edilmiş “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” qanun layihəsidir.
Qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev məlumat verib. Bildirib ki, hazırda 193 dövlətin üzv olduğu Beynəlxalq Telekommunikasiya İttifaqının Azərbaycan 1992-ci ildən etibarən üzvüdür. 2019-cu il noyabrın 22-də Şarm-əl-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransında qəbul edilən Yekun Aktlar Azərbaycan Respublikası tərəfindən müvafiq bəyanatlarla imzalanıb. Yekun Aktlarda tezliklərin bölgüsü, tezlik təyinatlarının bildirişi və qeydiyyatı, digər texniki məsələlər öz əksini tapıb. Qeyd edilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti isə özündə Ümumdünya Radiorabitə Konfransının qərarlarını birləşdirir. Təklif olunan reqlamentin əsas məqsədi İttifaqın üzvləri üçün ən son texniki nailiyyətlər əsasında tezliklərdən istifadəni lazımi şəkildə təmin etməkdir.
Səməd Seyidov rəhbərlik etdiyi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin məsələ ilə bağlı müsbət rəyini bildirdikdən sonra qanun layihəsi bir oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra spiker diqqətə çatdırıb ki, gündəliyin növbəti beş məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili mahiyyətcə bir-birinə yaxın olan iki məsələ - “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinə dair məlumat verib. Bildirib ki, Prezident tərəfindən bir məktubda daxil olan hər iki sənəd "Media haqqında" qanuna əsasən hazırlanıb və lisenziya tələb olunan teleradio yayımı fəaliyyəti subyektlərinin həmin qanunla müəyyən edilmiş audiovizual media fəaliyyəti subyektlərinin təsnifatına uyğunlaşdırılması məqsədi daşıyır.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirib ki, Məcəlləyə təklif edilən dəyişiklik dəqiqləşdirmə məqsədi daşıyır və həm məhkəmə icraatı, həm də ibtidai istintaq zamanı məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraatın "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə aparılmasını müəyyən edir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Daha sonra komitə sədri Tahir Mirkişili “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda təqdim edib. Bildirib ki, qanunun 11.2-ci maddəsinə əsasən, həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir. Təklif olunan dəyişiklikdə bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilir və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə Dövlət Ehtiyatları Agentliyi yaradılıb və Agentliyin nizamnaməsi təsdiq edilib. Adı çəkilən qanunlara təklif olunan dəyişikliklər həmin fərmanlara uyğun olaraq hazırlanıb və dəqiqləşdirmə xarakteri daşıyır.
Sənədlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Aqrar siyasət komitəsinin müsbət rəyləri bildirildikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirib ki, ölkə Prezidentinin "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" 7 oktyabr 2021-ci il tarixli fərmanı ilə pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, torpaq mülkiyyətçilərinin əkin subsidiyalarından yararlanması məqsədilə ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onlara dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin verilməsi təsbit edilmişdir. Bununla yanaşı, "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2021-ci il tarixli qanunla torpaq payı almış şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsinə görə dövlət rüsumundan azad olma nəzərdə tutulmuşdur. Təqdim olunan qanun layihəsi "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə sənədə uyğun olaraq hazırlanıb.
Qanun layihəsi bir oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri deputatların nəzərinə çatdırıb ki, növbəti altı məsələ ikinci oxunuşda olan qanun layihələridir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov mahiyyətcə bir-birinə yaxın olan növbəti iki məsələ - “Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə, habelə “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihələri haqqında ikinci oxunuşda məlumat verib.
Bildirilib ki, qanunlara təklif olunan dəyişikliklər "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamının tələblərindən irəli gəlir. Təqdim olunan layihələrdə bir sıra kateqoriya şəxslərin, o cümlədən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların - çağırış dövründə, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların - ildə bir dəfədən az olmayaraq, kadr zabit heyətinə könüllü daxil olanların - müvafiq əmr imzalanmazdan əvvəl, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların - bağlaşma imzalanmazdan əvvəl icbari narkoloji müayinədən keçirilməsi təklif edilir.
Qanun layihələrinin aidiyyəti üzrə baxıldığı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov sənədlərlə bağlı müsbət rəyləri səsləndiriblər.
Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlar Fazil Mustafa, Naqif Həmzəyev qeyd və təkliflərini bildiriblər. Komitə sədri Əhliman Əmiraslanov bəzi məqamlara aydınlıq gətirib.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirib ki, Məcəllədə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələri xeyli, külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutan hüquqi normalar müəyyən edilir. Belə əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiya nəzərdə tutulur. Eyni zamanda, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri, onların prekursorlarını əldə etmə, saxlama, hazırlama, habelə Məcəllənin 235-ci, 237-ci və 240-cı maddələrində də nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiyanı nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif edilir.
Nizami Səfərov, habelə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də (ikinci oxunuş) təqdim edib. Bildirib ki, layihə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğunlaşdırılma məqsədilə hazırlanıb və bu sahədə cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə səbəb olan halları nəzərdə tutur.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov hər iki layihəyə komitədə baxıldığını və dəstəkləndiyini bildirib.
Deputatlar Razi Nurullayev və Sabir Rüstəmxanlı qeyd və təkliflərini səsləndirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirib ki, layihədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi isiqamətlərindən biri kimi cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, onların məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi təklif edilir. Bununla bağlı Məcəllənin bir sıra maddələrinə müvafiq dəyişikliklər və əlavələr nəzərdə tutulub.
Səhiyyə komitəsinin rəyi nəzərə alınmaqla qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edərək bildirib ki, Məcəllənin 208-ci maddəsində "Təşkilat rəhbərləri tərəfindən xarici" sözləri "Xarici" sözü ilə əvəz edilir. Beləliklə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və məcburi qaydada ölkəyə geri qaytarılmalı olan 20 min manatdan artıq məbləğdə xarici valyuta vəsaitini qaytarmama əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməli olan subyektlərin dairəsi ilə bağlı məhdudiyyət aradan qaldırılır. Artıq həm fiziki şəxslər, həm hüquqi şəxslər bu növ cinayət əməlinə görə məsuliyyətə cəlb ediləcəklər.
Sənədlə bağlı deputatlar Vüqar Bayramov və Əziz Ələkbərov öz fikirlərini açıqlayıblar.
Deputat Nurlan Həsənov çıxışlarda səsləndirilən sualları cavablandırdıqdan sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi