Milli Məclisin komitə sədri Səməd Seyidov “Qazaxıstanın müstəqilliyinin 30 illiyi” medalı ilə təltif olunub
Aprel 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov ilə görüşüb.
Görüşdə səfir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adından iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə Səməd Seyidova “Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi” yubiley medalını təqdim edib.
Komitə sədri Səməd Seyidov Qazaxıstan Prezidentinə və xalqına təşəkkürünü ifadə edib. O, Azərbaycan və Qazaxıstan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, iki dost ölkənin mühüm məsələlərdə bir-birini dəstəklədiyini qeyd edib. Bildirib ki, Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə əlaqələr uğurla inkişaf edir.
Görüşdə Səməd Seyidov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən söz açıb. Bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub.
Söhbət zamanı hər iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin səviyyəsindən, parlament dostluq qruplarının fəaliyyətindən məmnunluq ifadə olunub.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Serjan Abdıkərimov ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Brüssel anlaşmasından söhbət açan diplomat Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının uğurla nəticələnəcəyinə inamını bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi