Səhiyyə komitəsinin iclasında

Komitə iclasları
19 aprel 2022 | 15:06   
Paylaşın:        

Aprelin 19-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası acan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 6 məsələ daxil edilib.

Komitə sədri bildirib ki, gündəliyin birinci məsələsi - “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsidir.

Qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Humanitar məsələlər üzrə qanunvericilik sektorunun əməkdaşı Seymur Əşrəfli bildirib ki, qanun layihəsi onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququnu müəyyənləşdirir. Layihə “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələrinə  uyğunlaşdırma xarakteri daşıyır və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Layihə barədə fikirlərini bildirən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev diqqətə çatdırıb ki, dəyişikliyə əsasən, “Onkoloji yardım haqqında” Qanunun onkoloji xəstələrin sosial müdafiəsinə dair 9-cu maddəsi və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun bu xəstəliyə tutulmuş şəxslərin sosial müdafiəsinə dair 9-cu maddəsi yeni redaksiyada veriləcək.

İclasda deputatlardan Rəşad Mahmudovun və İlham Məmmədovun fikirləri dinlənildikdən sonra layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Daha sonra komitə sədri Əhliman Əmiraslanov iclasda üçüncü oxunuşda olan qanun layihələrini müzakirəyə çıxarıb. Bildirib ki, bunlar “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə”, həmçinin Cinayət, İnzibati Xətalar və Cinayət Prosessual məcəllələrində dəyişikliklər edilməsi ilə bağlı qanun layihələridir.

Komitə sədri vurğulayıb ki, bu beş qanun layihəsinə komitədə  və plenar iclasda iki oxunuşda baxılıb və qəbul olunub.

Qanun layihələrinin müzakirələrində deputatlardan Rəşad Mahmudov, Müşfiq Məmmədli, İlham Məmmədov, Məlahət İbrahimqızı, Kamilə Əliyeva və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kəmalə Paşayeva fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Sonra qanun layihələri üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda deputat Sədaqət Vəliyeva və digər rəsmi şəxslər də iştirak edib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU