Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili və Milli Məclisin sədri Sahibə Qafarova mətbuat üçün birgə bəyanat veriblər

Sədrin görüşləri
19 aprel 2022 | 21:07   
Paylaşın:        

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili və Milli Məclisin sədri Sahibə Qafarovanın görüşündən sonra tərəflər media nümayəndələri ilə görüşərək birgə bəyanat veriblər.

Tədbirdə Milli Məclisinin sədri deyib ki, parlamentin sədri kimi Gürcüstana ilk rəsmi səfərini həyata keçirir. Dost Gürcüstana səfər etməyindən məmnunluq ifadə edən spiker Sahibə Qafarova Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə dəvətinə, nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Milli Məclisin sədri qeyd edib ki, bu səfər heç də təsadüfi xarakter daşımır. Azərbaycan və Gürcüstan iki mehriban qonşu və dost ölkələrdir. Xalqlarımız arasında dostluğun qədim tarixi var. Onlar əsrlər boyu bir yerdə olub, həmişə dostluq, mehriban qonşuluq şəraitində yaşayıblar, əməkdaşlığımız da məhz bu möhkəm təməl üzərində qurulub. Bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası münasibətlərimiz ardıcıl şəkildə inkişaf edir.

Sahibə Qafarova vurğulayıb ki, ölkələrimiz arasındakı ikitərəfli əlaqələr çərçivəsində parlamentlərarası əməkdaşlıq xüsusi yerə malikdir və  hazırda parlamentlərarası əlaqələrimiz çox yüksək səviyyədədir.

Biz Gürcüstan Parlamentinin sədri cənab Şalva Papuaşvili ilə parlamentlərimiz arasında mövcud olan münasibətlərin bugünkü vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçirdik. Ötən dövr ərzində parlament sədrlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafına öz töhfəsini verib. Hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qrupları qanunverici orqanlar arasında bir növ körpü rolunu oynayırlar.

Milli Məclisin sədri daha sonra deyib ki, görüş çərçivəsində gələcəkdə əməkdaşlığımızın daha da genişləndirilməsi yolları müzakirə olunub. Parlament komitələrimiz arasında qanunvericilik sahəsində təcrübə mübadiləsi mümkün istiqamətlərdən biri kimi nəzərdən keçirilə bilər. Bu baxımdan, Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin mövcud üçtərəfli əməkdaşlıq formatı olduqca faydalıdır. Bu formatda növbəti görüş may ayında Bakı və Şuşa şəhərlərində keçiriləcəkdir.

Sahibə Qafarova qeyd edib  ki,  görüşdə Azərbaycanın öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymasından sonra görülən işlər haqda məlumat verib. Bildirib ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərində öz imkanları hesabına geniş bərpa-quruculuq işləri həyata keçirir. Bütün infrastruktur yenidən bərpa olunur, yeni şəhərlər, kəndlər tikilir. Ermənistan bütün şəhər və kəndlərimizi qəsdən dağıdıb, bütün tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. İşğaldan azad edilmiş ərazilərdə görüləcək işlər çoxdur.

Milli Məclisin sədri gürcüstanlı həmkarı ilə görüşdə qeyd edib ki, post-münaqişə dövründə regionda artıq yeni reallıq və yeni əməkdaşlıq imkanları yaranıb. Bu imkanların reallaşdırılması regionda sülhə, sabitliyə və təhlükəsizliyə töhfə verəcəkdir. Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması üçün 5 prinsipdən ibarət təklif verib. Aprelin 6-da Brüsseldə keçirilmiş son görüş zamanı aparılan müzakirələr göstərdi ki, Ermənistan tərəfi bu təklifə müsbət yanaşır. Ümid edirik ki, Ermənistan vaxt itirmədən öz üzərinə düşəni edəcək. Regionda artıq müharibədən yox, sülh, sabitlik və əməkdaşlıqdan danışmağın vaxtıdır.

Media nümayəndələri ilə görüşdə Sahibə Qafarova dost Gürcüstana səfərinin faydalı olduğunu deyib. Spiker vurğulayıb ki, bu səfər zamanı aparılan danışıqlar Azərbaycanla Gürcüstan arasında əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU