İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının hesabatı dinlənilib

Komitə iclasları
20 aprel 2022 | 19:44   
Paylaşın:        

Aprelin 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

İclası açan komitə sədri Tahir Mirkişili gündəliyə Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatının daxil edildiyini bildirib.

Tahir Mirkişili qeyd edib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsinə əsasən Hesablama Palatasının hesabatının müzakirəsinin əhatəliliyini artırmaq və keyfiyyətini daha da yüksəltmək məqsədilə iclasa müxalifətdən parlamentdə təmsil olunan deputatlar, ictimai təşkilatların nümayəndələri də dəvət olunublar.

Tahir Mirkişili Hesablama Palatasının təqdim etdiyi hesabatın qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, palatanın 4 istiqamət üzrə fəaliyyətini əhatə etdiyini açıqlayıb. Bildirib ki, hesabatda həm də palatanın verdiyi təkliflərin, tövsiyələrin hökumətin fəaliyyətində və qanunvericilik təcrübəsində nəzərə alınması, büdcə xərclərində səmərəlilik və nəticəliliyin artırılması barədə faktlar da  öz əksini tapıb. Bu cəhətdən sənəddə nəzarət tədbirlərinin görülməsi ilə bağlı palatanın fəaliyyətinin qiymətləndirilməsi üçün kifayət qədər materialın olduğunu qeyd edib.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadi islahatların həyata keçirilməsi, dövlətin sahibkarlara verdiyi ciddi dəstək və pandemiyanın yaratdığı böhranın uğurla idarə edilməsi nəticəsində 2021-ci ildə əldə olunan ciddi iqtisadi artımlara toxunan komitə sədri Hesablama Palatasının hesabatında COVID-19-la mübarizə çərçivəsində dövlət büdcəsindən ayrılan xərclərin monitorinqinin də əks olunmasını müsbət hal kimi qiymətləndirib. Tahir Mirkişili Palatanın fəaliyyətində rəqəmsallaşmanın 70%-ə qədər yüksəlməsini də ən çox nəzərəçarpan müsbət cəhətlərdən biri kimi diqqətə çatdırıb.

Hesabatın əsas istiqamətləri haqqında məlumat verən komitə sədri bütövlükdə Hesablama Palatasının hesabat dövründə daha çox səmərəlilik auditinin inkişaf etdirilməsinə üstünlük verməsini də yüksək dəyərləndirib, hesabat dövrü ərzində palatanın planlaşdırmada nəzərdə tutulan nəzarət tədbirlərini əsasən icra etdiyini vurğulayıb.

Komitə sədri Hesablama Palatasının fəaliyyət hesabatının qiymətləndirilməsi üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən hazırlanmış 10 indikatoru açıqlayıb.

Sonra hesabatı təqdim edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vurğulayıb ki, 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə əldə edilən Zəfərin siyasi-diplomatik müstəvidə möhkəmləndirdilməsi, işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa-quruculuq işlərinin görülməsi ilə yadda qalıb. Qeyd edib ki, Hesablama Palatası 2021-ci ildəki fəaliyyətini dövlət başçısının dövlət qurumları qarşısında müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq həyata keçirməyə çalışıb.

Təqdim olunan hesabatın Hesablama Palatasının fəaliyyətinin 20 illiyinə təsadüf etdiyini deyən Vüqar Gülməmmədov bildirib ki, sənəd “2021-2025-ci illər üzrə Strateji Plan”a uyğun 2021-ci il üçün planlaşdırılmış və icra edilmiş fəaliyyətləri, illik iş planında nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri və cari fəaliyyət ilə bağlı məlumatları əks etdirməklə 7 bölmədən ibarətdir və infoqrafik şəkillərə üstünlük verilməklə yeni dizaynda tərtib olunub. Hesabatda Hesablama Palatası tərəfindən hazırlanan rəylərin, tövsiyələrin qısa xülasəsini verən palata sədri qeyd edib ki, ilk dəfə olaraq verilən tövsiyələrin icrası barədə məlumatlar da burada əks olunub.

Vüqar Gülməmmədov palatanın ötən ildəki həm nəzarət, həm də inzibati fəaliyyətindən, keçirdiyi səmərəlilik auditlərindən bəhs edib, qurum tərəfindən 2 auditdə ilk dəfə olaraq Dayanıqlı İnkişaf Məqsədlərinə də yer ayrılmasından, maliyyə və uyğunluq auditinin əhatə dairəsi və keyfiyyətinin yaxşılaşdırılmasından, ali audit orqanı olaraq fəaliyyətlərində şəffaflığın və hesabatlılığın artırılması tədbirlərindən danışıb.

 O, hesabat ilində palatanın nəzarət tədbirlərinin ümumi nəticələrini təqdim edib, auditlərdə kənar dövlət maliyyə nəzarətinin obyekti olan qurumlarda aşkarlanan pozuntuları, həmçinin əhəmiyyətli audit tapıntılarını diqqətə çatdırıb. Palata sədri hesabatda ilk dəfə olaraq qeyd olunan ali audit orqanı tərəfindən yerinə yetirilən işlərin dəyər zənciri və sənədin digər parametrləri barədə deputatlara məlumat verib.

Vurğulayıb ki, 2021-ci ildə dövlətə dəymiş ziyanla bağlı 34,2 mln. manat dövlət vəsaitinin bərpası təmin olunub.

Hesabat dinlənildikdən sonra komitədə müzakirələr aparılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Fazil Mustafa, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Razi Nurullayev, Elnur Allahverdiyev, Tahir Kərimli, Mahir Abbaszadə, Erkin Qədirli, Elşən Musayev, Asim Mollazadə, Aydın Hüseynov, Rüfət Quliyev, iclasda iştirak edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxış edərək, bütövlükdə hesabatı və palatanın fəaliyyətini  müsbət qiymətləndiriblər, hesabatın təqdimatındakı yenilikləri və mütərəqqi cəhətləri təqdir ediblər.

Deputatlar büdcənin icrası, mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntuların səbəbləri, hesabatda irəli sürülən tövsiyələrin yerinə yetirilməsi vəziyyəti ilə maraqlanıblar. Onlar performans auditin genişləndirilməsi, aşkar edilən pozuntuların ümumi fiskal dövriyyədə payı, elektron auditin inkişaf etdirilməsi və büdcənin icrasında şəffaflığın artırılması məsələləri ilə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər, büdcə vəsaitlərində səmərəli istifadənin artırılması üçün Milli Məclisin Palata ilə qarşılıqlı fəaliyyətinin və dəstəyinin gücləndirilməsinin  əhəmiyyətini qeyd ediblər.

Komitə sədri Tahir Mirkişili çıxışları yekunlaşdırdıqdan sonra Hesablama Palatasının sədri müzakirədə səslənmiş təkliflərə münasibət bildirib, sualları cavablandırıb.

İclasın sonunda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi müsbət rəylə Hesablama Palatasının 2021-ci ildəki fəaliyyətinə dair hesabatı Milli Məclisin plenar iclasına tövsiyə edib.

İclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Ağalar Vəliyev, Məşhur Məmmədov, Anar Məmmədov, İqbal Məmmədov, Məzahir Əfəndiyev, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov, palatanın auditorları Cəfər Həsənov, Cavid Bayramov, Hilal Hüseynov, Vəfa Mütəllimova, palatanın Aparat rəhbəri Vüqar İbrahimov və  digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU