Milli Məclisin sədri Sahibə Qafarova Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində və Gürcüstan Milli Muzeyində olub

Sədrin səfərləri
20 aprel 2022 | 20:07   
Paylaşın:        

Aprelin 20-də Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Burada Milli Məclisin sədrinə və parlament nümayəndə heyətinin üzvlərinə muzey barədə və Azərbaycanın böyük ədibi, ictimai xadimi Mirzə Fətəli Axundovun həyat və fəaliyyəti, yaradıcılığı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bina M.F.Axundovun öz vəsaiti hesabına inşa edilib. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının bu ölkənin rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundovun ev-muzeyi kimi fəaliyyət göstərib. 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundovun ev-muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

Hazırda muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini təmsil və təbliğ etməkdir. Bildirilib ki, muzeydə mədəni tədbirlər, görüşlər, konfranslar təşkil edilir.

Milli Məclisin sədri muzeyin zallarını gəzib, burada saxlanılan eksponatlara, ekspozisiyalara baxıb. Sahibə Qafarova muzeyin xatirə kitabına ürək sözlərini yazıb və muzeyə hədiyyə verib.

 

*   *   *

Həmin gün parlamentin sədri Sahibə Qafarovanın başçılığı ilə Milli Məclisin nümayəndə heyəti Tbilisidə yerləşən Gürcüstan Milli Muzeyinə gəlib. Burada muzeyin baş direktoru David Lordkipanidze muzey barədə nümayəndə heyətinə geniş məlumat verib.

Nümayəndə heyətinin üzvləri muzeydəki zalları gəzərək, buradakı ekspozisiyalarla, eksponatlarla, arxeoloji qazıntıların nəticələri ilə yaxından tanış olublar. Muzeydə Gürcüstanın, o cümlədən regionun qədim və yeni tarixi barədə qiymətli eksponatlar nümayiş olunub.

Milli Məclisin sədri muzeyə hədiyyə təqdim edib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU