GUAM PA-nın BAKIDA BEŞİNCİ İCLASI KEÇİRİLƏCƏK
Dekabrın 19-20-də Bakıda GUAM Parlament Assambleyasının növbəti beşinci iclası keçiriləcək.
Tədbir qonaqların sayı baxımından təşkilatın tarixində ən geniş tərkibli iclas olacaq. Belə ki, iclasda quruma üzv olan Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament ölçüsünün və Vişeqrad qrupu ölkələrinin nümayəndələri, o cümlədən TürkPA-nın təmsilçisi qonaq qismində iştirak edəcəklər. Toplantıya ölkəmizin bir sıra nazirliklərinin, Milli Elmlər Akademiyasının və Bakıda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri dəvət olunmuşlar.
GUAM PA-nın beşinci iclasında quruma üzv dövlətlərdə avrointeqrasiya prosesləri: Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı: Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.
Qurumun son illər regional parlamentlərarası təşkilatlarda həyata keçirdiyi faydalı əməkdaşlıq ölkəmiz üçün də böyük əhəmiyyət kəsb edir. Belə ki, nümayəndə heyətimizin apardığı milli maraqlara söykənən uğurlu parlament diplomatiyası sayəsində Baltik Assambleyası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təkliflərə dair bəyannamə qəbul etmişdir. Deputatlarımızın təşkilatdakı fəaliyyəti diqqətdən kənarda qalmamış, nümayəndə heyətimizin rəhbəri Elton Məmmədov və deputat Əli Məsimli GUAM PA ilə Baltik Assambleyası arasında əlaqələrin inkişafındakı rollarına görə Baltik Assambleyasının medalları ilə təltif olunmuşlar.
GUAM PA-nın nüfuzlu beynəlxalq qurumlarla əlaqələri günbəgün dərinləşməkdədir. Təşkilatın Bakıda keçiriləcək iclasında Benilüks Parlamenti prezidentinin gözlənilən iştirakı bu qurumun GUAM PA-ya verdiyi əhəmiyyətin göstəricisidir.
Milli Məclisin
Mətbuat xidməti