Milli Məclisdə TÜRKPA-nın komissiya iclası keçirilib

Tədbirlər
22 aprel 2022 | 16:53   
Paylaşın:        

Aprelin 22-də Milli Məclisdə TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının 9-cu iclası keçirilib.

“TÜRKPA-nın üzv ölkələrində sosial sahibkarlığın dəstəklənməsi” mövzusuna həsr edilmiş iclasa TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Aybek Osmonov moderatorluq edib. Tədbiri giriş nitqi ilə açan Aybek Osmonov iştirakçıları salamlayaraq iclasa ev sahibliyi edən Azərbaycan tərəfinə, Milli Məclisə təşəkkürünü bildirib.

Aybek Osmonov TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının dünən keçirilən “Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar və perspektivlər” mövzusunda seminarının türk dövlətləri, bütövlükdə dünya ölkələrinin qarşılaşdıqları yoxsulluq, miqrasiya, işsizlik problemlərinin həlli yollarının axtarılması baxımından əhəmiyyətinə toxunub. O, sosial cəhətdən həssas qrupların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yoxsulluğun azaldılması istiqamətində komissiyanın bugünkü iclasının da yeni imkanlar yaradacağına inamını bildirib.

Sonra TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er çıxış edərək Türk dünyasının qədim şəhərlərindən biri olan Bakıda qardaş ölkələrin təmsilçiləri ilə bir araya gəlməkdən məmnunluğunu və  TÜRKPA-ya yardımını heç bir zaman əsirgəməyən Azərbaycan parlamentinə minnətdarlığını ifadə edib.

O, Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsində qəbul edilən “Türk Dünyası 2040 Vizyonu” sənədinin strateji baxışlarına uyğun olaraq,  2023-2028-ci illər üçün TÜRKPA-nın Strateji Yol Xəritəsinin hazırlanmasından danışıb, sənəddə 2023-2028-ci illərdə TÜRKPA-nın daimi komissiyaları çərçivəsində hazırlanacaq nümunəvi qanunların siyahısının olduğunu qeyd edib. Baş katib Türk tərəfdaşlığının parlament ölçüsü olan TÜRKPA çərçivəsində model qanun yaradıcılığı istiqamətindəki fəaliyyətlərin ölkələrimiz arasında əməkdaşlığı güçləndirəcəyini bildirib.

Gündəliyin qəbulundan sonra “TÜRKPA-nın üzv ölkələrində sosial sahibkarlığın dəstəklənməsinə dair” komissiyanın hesabat layihəsinə baxılıb. Layihə ilə bağlı  TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər üzrə komissiyasının sədr müavini Nizami Cəfərov məruzə edib.

Nizami Cəfərov bildirib ki, TÜRKPA-nın ötən il Türküstanda keçirilən 10-cu plenar iclasında Sosial, mədəni və humanitar məsələlər komissiyasının 9-cu iclasının gündəliyinin əsas maddəsi kimi “TÜRKPA ölkələrində sosial sahibkarlığa dəstək” məsələsinə baxılması qərara alınıb. O, qeyd edib ki, sosial sahibkarlıq siyasətinin səmərəli həyata keçirilməsini təmin etmək, məhsuldarlığın inklüziv və davamlı şəkildə artımını sürətləndirmək, o cümlədən sosial inklüzivliyi təşviq etmək və həssas qrupların müdafiəsi ilə əlaqədar zəruri təminatları təmin etmək üçün məqsədyönlü tədbirlərə, kompleks dövlət yanaşmasına ehtiyac var.

Nizami Cəfərov bildirib ki, müzakirəyə təqdim olunan hesabat TÜRKPA ölkələrində sosial sahibkarlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini anlamağa imkan verən hərtərəfli sənəddir.

Sonra komissiyada hesabat layihəsi təsdiq olunub və assambleyanın plenar iclasında məsələ üzrə məruzəçi TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Cəfərov seçilib.

Sonra Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Lazzat Ramazanova müzakirəyə çıxarılan “Sosial sahibkarlığın inkişafı haqqında” model qanun layihəsi barədə məlumat verib.

Qanun layihəsinin müzakirələrində Türkiyə Böyük Millət Məclisinin üzvləri İbrahim Aydemir, Hüda Kaya, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Dinar Nuketaeva sənədlə bağlı fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra komissiya “Sosial sahibkarlığın inkişafı haqqında” model qanun layihəsini təsdiqləyib və sənədin plenar iclasa təqdim edilməsi üçün Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Lazzat Ramazanovanı məruzəçi təyin edib.

Sonra iclasda “Sosial sahibkarlığın dəstəklənməsi” üzrə komissiyanın tövsiyə qərarlarının layihəsi də müzakirə edilərək təsdiqlənib və məsələ üzrə Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Aybek Osmonov məruzəçi təyin olunub.

Komissiyanın katibi Baurjan Datkayevin məlumatını da dinlədikdən sonra parlamentarilər TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının 2023-2028-ci illər üçün iclaslarının mövzularını, həmçinin model qanunların adlarını təsdiq ediblər.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin üzvü Hikmət Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Ulan Bakasov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq sektorunun müdiri Mir Kamal Əlizadə, TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin, TÜRKPA Katibliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU