Milli Məclisdə görüş
Aprelin 25-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro ilə görüşüb.
Qonağı salamlayan Əli Hüseynli bildirib ki, Azərbaycanın Avropa təsisatları ilə insan hüquqları sahəsində əməkdaşlığı uğurla davam edir. O, ATƏT-in media azadlığı üzrə nümayəndəsinin səfərinin və səfər çərçivəsində keçirəcəyi görüşlərin də bu istiqamətdə effektli və səmərəli olacağına inamını ifadə edib.
Azərbaycanda media azadlığı sahəsində görülən işlərdən söz açan birinci vitse-spiker yeni qəbul olunmuş “Media haqqında” qanundan bəhs edib. Qanunun geniş dinləmələrdən, müxtəlif platformalarda müzakirələrdən keçdiyini bildirən birinci vitse-spiker layihənin parlamentə qədər müzakirələrində 800-ə yaxın media ekspertinin və jurnalistin iştirak etdiyini vurğulayıb. Layihənin parlamentdə iki komitədə - aparıcı komitə olaraq İnsan hüquqları komitəsində və Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxıldığını və komitə müzakirələrində ölkənin 100-dən çox aparıcı media qurumundan nümayəndələrin dəvət olunduğunu diqqətə çatdırıb. Əli Hüseynli qanun layihəsinin parlamentdə müzakirələri zamanı maraqlı tərəflərin fikirlərinin nəzərə alındığını və vahid nəticəyə gəlindiyini bildirib.
Görüşdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Media haqqında” qanunun qəbulunu mətbuat azadlığı sahəsində Azərbaycanın yeni mərhələyə qədəm qoyması, media sahəsində sürətlə dəyişən çağırışları və tələbləri tənzimləmək üçün yeni təkmil normativ-hüquqi bazanın yaradılması kimi xarakterizə edib.
O, qanun layihəsinin parlamentdə keçən geniş müzakirələrindən, təkliflərin nəzərə alınmasından danışıb, qanunun kütləvi informasiya vasitələrinin fəaliyyətinin daha səmərəli tənzimlədiyini qeyd edib. Zahid Oruc qanuna tənqidi yanaşmaların da hüquqi dəlillərə əsaslanmadan siyasi və deklarativ xarakter daşıdığını, sənədin tətbiq edildiyi dövrün bu deyilənləri təsdiq etdiyini deyib.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro görüş üçün təşəkkürünü bildirib. Bu cür görüşlərin işgüzar münasibətlərin inkişafında əhəmiyyətini qeyd edib. O, Azərbaycanda “Media haqqında” qanunun qəbulundan danışıb, qanunda istifadə olunan anlayışların şərhi, tənzimləmə mexanizmlərinin tətbiqi, medianın müstəqilliyinin təminatı kimi məsələlərlə maraqlanıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Milli Məclisin komitə sədrləri Əli Hüseynli və Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli qonağın toxunduğu məqamlara aydınlıq gətiriblər, onun suallarını cavablandırıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi