Milli Məclisin iclasında

Plenar iclaslar
26 aprel 2022 | 19:32   
Paylaşın:        

Aprelin 26-da Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bir neçə gün öncə ölkəmizin və xalqımızın həyatında çox mühüm bir hadisə baş verib.  Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dünya azərbaycanlılarının 5-ci qurultayı olub. Qurultayın 44 günlük Vətən müharibəsinin  son döyüşlərinin  baş verdiyi bu şəhərdə keçirilməsinin və “Zəfər qurultayı” adı daşımasının dərin rəmzi mənaları var.

Spiker qeyd edib ki, qurultay Azərbaycan Respublikasının Cənubi Qafqazın lider dövləti olduğunu, Azərbaycan xalqının öz sözünü qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim öz dövlətini dəstəklədiyini  nümayiş etdirdi. Bu gün Azərbaycan bölgənin geosiyasi və geoiqtisadi mənzərəsini müəyyən edən güc mərkəzi kimi dünyanın diqqətini özünə cəlb edir.

Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultayda geniş və dərin məzmunlu nitq söylədi. Cənab Prezidentin hər bir azərbaycanlı, bizim hər birimiz üçün proqram xarakteri daşıyan bu nitqi xalqımızın həyatının mühüm hadisələrinə işıq saldı, qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən etdi. Möhtərəm Prezident müzəffər xalqın rəhbəri, qalib dövlətin başçısı kimi bir daha  bəyan etdi: “Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik...

Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Sahibə Qafarova deputatlara son bir həftə ərzində Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından vacib olan səfər və görüşlər barədə də qısa məlumat verib.

Spiker bildirib ki, aprelin 19-da və 20-də onun rəhbərliyilə Milli Məclisin nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdə olub.

Nümayəndə heyətimizin Gürcüstana səfəri Tbilisi şəhərinin Heydər Əliyev parkında xalqımızın Ümummilli liderinin abidəsini ziyarətlə başlayıb.

Aprelin 19-da nümayəndə heyətinin Gürcüstan Parlamentinin sədri cənab Şalva Papuaşvili, Gürcüstan Prezidenti xanım Salome Zurabişvili, Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili və Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupu ilə görüşləri olub.

Görüşlərdə Azərbaycanla Gürcüstan arasında  dostluq əlaqələrinin inkişafında Ulu öndər Heydər Əliyevin xidmətləri xatırlanıb, bu sahədə başlanmış işlərin cənab Prezident İlham Əliyev və Gürcüstan dövlətinin rəhbərliyi tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Ölkələrimizin müxtəlif sahələrdə səmərəli əməkdaşlığından məmnunluq ifadə olunub. Dövlətlərarası əlaqələrin möhkəmlənməsində parlamentlərin xüsusi rolu qeyd edilib. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışılıb. 

Görüşlərdə Sahibə Qafarova 44 günlük Vətən müharibəsi nəticəsində  Azərbaycanın 30 illik erməni işğalına son qoyması və ərazi bütövlüyünü bərpa etməsi, eləcə də postmünaqişə dövründə Cənubi Qafqazda yeni reallıqların və imkanların yaranması barədə danışıb. 

Spiker Vətən müharibəsi zamanı Gürcüstanın tutduğu ədalətli mövqeyə və dəstəyə görə təşəkkürümüzü də ifadə edib.

Görüşlərdə bir sıra digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri qeyd edib ki, Gürcüstana rəsmi səfərin gedişində bir sıra digər tədbirlər də keçirilib. Nümayəndə heyətimiz Azərbaycan Səfirliyində olub,  Qəhrəmanlar Memorialını, böyük Azərbaycan ədibi və ictimai xadimi Mirzə Fətəli Axundovun adını daşıyan Azərbaycan Mədəniyyəti Muzeyini, həmçinin Gürcüstan Milli Muzeyini də ziyarət edib. 

Spiker  səfərin nəticələrinin uğurlu olduğunu diqqətə çatdırıb və bununla əlaqədar  nümayəndə heyətimizin hər bir üzvünə təşəkkürünü bildirib.

 Azərbaycan parlamentinin sədri aprelin 20-də ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovla görüşündən də danışıb. Bildirib ki, görüşdə ölkələrimiz arasında qədim dostluq və qardaşlıq əlaqələrinin müstəqillik dövründə yeni səviyyəyə yüksəldiyi qeyd edilib. İki ölkənin dövlət başçılarının imzaladığı Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin, Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun və digər sənədlərin əhəmiyyəti vurğulanıb.  

Sahibə Qafarova çıxışına yekun vuraraq  deyib ki, söhbət zamanı Azərbaycan və Qırğızıstan parlamentləri arasında münasibətlərin indiki vəziyyətindən razılıq ifadə edilib. Bildirilib ki, parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli əməkdaşlıq edirlər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonra iclasda cari məsələlərin müzakirəsinə başlanıb. Müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlardan Vahid Əhmədov, Məlahət İbrahimqızı, Tahir Kərimli, İlham Məmmədov, Əli Məsimli, Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov, Jalə Əliyeva, Elman Nəsirov çıxış ediblər.

Deputatlar bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı ilə bağlı fikirlərini bölüşüblər. Qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsinin böyük sevinc və qürur hissi doğurduğunu bildiriblər. Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlərin, qarşıya qoyduğu hədəflərin vacibliyini vurğulayıblar. Millət vəkilləri  Qurultayın tarixi əhəmiyyətindən danışıblar, onun Azərbaycanla xaricdə yaşayan soydaşlarımız arasında həmrəyliyin daha da gücləndirilməsinə xidmət edəcəyini qeyd ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar və bundan irəli gələn çağırışların yerinə yetirilməsi Azərbaycanın dünya miqyasında nüfuzunun artmasına xidmət edir.

Çıxışlarda, eyni zamanda, dünyada müşahidə olunan iqtisadi böhran, onun ölkəmizə təsirləri və bu təsirlərin qarşısının alınması istiqamətində görülən işlər, ərzaq təhlükəsizliyinin təmin edilməsi, bank sistemində olan problemlərin aradan qaldırılması və digər aktual məsələlərlə bağlı fikirlər səsləndirilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova deputatların diqqətinə çatdırıb ki, iclasda 19 məsələ  müzakirə olunacaq. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqındadır. Spiker bildirib ki, Hesablama Palatasının illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlament nəzarətinin ən mühüm istiqamətlərindən biri olaraq dövlət vəsaitinin, xüsusən dövlət büdcəsinin formalaşdırılması və xərclənməsi üzərində maliyyə nəzarətinin səmərəliliyini təmin etməyə yönəlib.  Hesabat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə edilib. Komitə iclasına parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri dəvət olunublar.

Daha sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2021-ci il üzrə hesabatını təqdim edib. Bildirib ki, 2021-ci il dünya ölkələri üçün mürəkkəb qlobal vəziyyətin nisbətən stabilləşməsi və iqtisadi geriləmənin tədricən bərpası kimi xarakterizə edilsə də, ölkəmiz üçün Ali Baş Komandan və onun rəhbərliyi ilə Azərbaycan Ordusunun hərb meydanında Zəfərindən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası işlərinin başlanması ili kimi tarixə düşüb. Bu, dövlət maliyyəsinin idarəedilməsi prosesinin bir hissəsi olan dövlət vəsaitinin və dövlət əmlakının qanunauyğun və məqsədyönlü istifadəsinə dövlət  nəzarətini həyata keçirən Hesablama Palatasının məsuliyyətini daha da artırıb.

Qeyd olunub ki, Hesablama Palatasının 20 illiyinə təsadüf edən bu hesabat “Hesablama Palatası haqqında” qanunun tələbləri və beynəlxalq miqyasda qabaqcıl təcrübələrə uyğun hazırlanıb. Palatanın  2021-ci il üzrə fəaliyyətinin hesabatı Strateji Planda nəzərdə tutulmuş 2 yekun və 9 aralıq nəticə üzərində hazırlanıb.  Planın əsas məqsədi Hesablama Palatasının dövlətimiz, ölkəmiz və vətəndaşlarımız üçün güvənilən və etibarlı ali audit orqanına çevrilməsidir. Hesabatda ilk dəfə olaraq auditlərin dəyəri, dəyər zənciri barədə məlumat verilməklə, Hesablama Palatasının həyata keçirdiyi auditlərin təsirlərinin ölçülməsi aparılıb.

Hesabatda əvvəlki illərdə nəzarət obyekti olmuş qurumlarda yenidən nəzarət tədbirinin keçirilməsi zamanı təkrarlanan, eyni zamanda qabaqlayıcı tədbirlərin görülməsi ilə aradan qaldırılmış nöqsanlar barədə, habelə nəzarət obyektinin adları göstərilməklə audit təsirinin məqbul və kafi olması ilə bağlı məlumatlar verilib. Sənədə dövlət maliyyəsində izlənmiş müsbət meyllər barədə də məlumatlar daxil edilib.

Palata sədri bildirib ki, hesabat ilində qanunvericiliklə müəyyən edilmiş vəzifələr çərçivəsində dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihəsi, dövlət büdcəsinin icrası üzrə ümumilikdə Palata tərəfindən 6 rəy hazırlanıb və aidiyyəti üzrə millət vəkillərinin və Dövlət Neft Fondunun Müşahidə Şurasının diqqətinə çatdırılıb. Rəylərdə verilmiş tövsiyələr dövlət maliyyə idarəetməsinin güclənməsinə xidmət edir.

Diqqətə çatdırılıb ki, Milli Məclis və Hesablama Palatası arasında əlaqələrin SWOT analizini özündə ehtiva edən sənəd hazırlanıb. Bu məqsədlə ali audit orqanları və parlament arasında əməkdaşlıq üzrə təkmil təcrübə araşdırılıb, beynəlxalq təcrübədə tətbiq olunan alətlərdən istifadə edilməklə əməkdaşlığın güclü və zəif tərəfləri tədqiq edilib. Hesabat ilində nəzarət tədbirlərinin nəticələri üzrə dövlət vəsaitinin idarə olunması məsələlərini tənzimləyən hüquqi aktların  təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilib. Nəzarət tədbirlərinin nəticələri üzrə aşkarlanmış nöqsanlar və onların formalaşmasına səbəb olan faktorlar təhlil edilməklə 8 tövsiyə hazırlanaraq Milli Məclisə və Nazirlər Kabinetinə təqdim edilib.

Nəzərə çatdırılıb ki, ötən il “Hesablama Palatası haqqında” Qanuna uyğun olaraq hər 3 nəzarət tədbiri forması tətbiq olunub və 42 audit, 2 monitorinq, 2 analitik fəaliyyət həyata keçirilib. Palata tərəfindən kənar dövlət maliyyə nəzarət tədbirləri keçirilərkən dövlət investisiyalarına, dövlət satınalmalarına, maliyyə hesabatlarına, dövlət proqramlarına,  real sektorda nəqliyyat və yol infrastrukturuna, “COVİD-19”a ayrılmış vəsaitlərə, məcburi köçkünlərin və müharibə iştirakçılarının şəraitinin yaxşılaşdırılması ilə bağlı sahələrə daha çox diqqət ayrılıb.

Bildirilib ki, hesabat ilində Hesablama Palatası tərəfindən 4 səmərəlilik, 11 maliyyə və 27 uyğunluq auditi həyata keçirilib. Səmərəlilik auditi ilə bağlı qeyd olunub ki, ötən il kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə dair layihə, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunmasına dair dövlət proqramı, meşələrin idarəedilməsi fəaliyyəti, təhsil sisteminin informasiyalaşdırılması prosesinin auditi həyata keçirilib, layihə, dövlət proqramı, eləcə də fəaliyyət üzrə nəticəliliyin tam təmin edilmədiyi aşkar olunub.  Maliyyə hesabatlarının düzgün tərtib edilməsi, nöqsanların ümumi sayının azaldığını göstərir.

Vüqar Gülməmmədov bildirib ki, aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntularının məbləğinin 80,1 mln. manat olduğu müəyyən edilib. Ümumilikdə, 2021-ci ildə aparılmış nəzarət tədbirləri ilə aşkar edilmiş pozuntu məbləğinin cəmi 35,7 mln. manatı üzrə pul və natura ifadəsində bərpası ilə bağlı tədbirlər müəyyən olunub. Həmin məbləğin 30,8 mln. manatının hesabat ilində bərpası təmin edilib, qalan 4,9 mln. manatının bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti hesabata daxil ediləcəkdir.

Qeyd olunub ki, digər maliyyə pozuntuları Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş istiqamətlərə əməl edilməməsidir. Hesabat ilində bu istiqamət üzrə maliyyə pozuntuları 9  obyekt üzrə qeydə alınmaqla 3,5 mln. manatı əhatə edib. Ümumilikdə nəzarət tədbirləri keçirilmiş  qurumlar tərəfindən hesabat ilində pul, əvəzləşmə və natura formasında olmaqla 32,0 mln. manat məbləğində vəsaitin bərpası, hüquq-mühafizə orqanlarına göndərilmiş materiallar üzrə dövlətə dəymiş ziyanla bağlı 2,2 mln. manatın ödənilməsi təmin edilib.

Palata sədri deyib ki, ali audit orqanları dünya təcrübəsində korrupsiyaya qarşı mübarizə sahəsində xüsusi rola malik orqanlardır və Hesablama Palatası bu istiqamətdə fəaliyyətini hesabat ilində də davam etdirib.  2021-ci ilin İş planı ilə aparılmış auditlərdən 2-si üzrə materiallar prokurorluq orqanlarına təqdim edilib.

Bildirilib ki, Palata vətəndaş məmnunluğunu təmin etməyi daim diqqətdə saxlayıb.  2021-ci ildə vətəndaşlar tərəfindən 279 müraciət daxil olub. Müraciətlərin 46,2%-i vətəndaşların çalışdıqları və ya vaxtı ilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, nəzarət tədbirlərinin keçirilməsi ilə bağlı olub. Qeyd olunub ki, maraqlı tərəflərlə əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə Kommunikasiya Strategiyası qəbul edilib, habelə ictimaiyyətdə məlumatlılığı artırmaq üçün tərtib olunan rəylər, fəaliyyət hesabatı və keçirilən nəzarət tədbirləri mətbuatda işıqlandırılıb.

Vüqar Gülməmmədov çıxışının sonunda cari ildə qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, ilk olaraq işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası işlərinə dövlət tərəfindən dəstək tədbirlərinin maliyyə təminatının icraçı qurumlar tərəfindən istifadəsi ilə bağlı auditlərin keçirilməsi planlaşdırılır. Həmçinin, dövlət proqramlarının nəticəliyinin qiymətləndirilməsi ilə yanaşı, səmərəlilik auditlərinin sayının artırılması və əhatəliliyinin genişləndirilməsi də nəzərdə tutulub. Bununla yanaşı, Palatanın fəaliyyətinin effektivliyini yüksəltmək üçün metodoloji bazanın təkmilləşdirilməsi, rəqəmsallaşdırma meyillərinin yüksəldilməsi, icra və qanunvericilik hakimiyyəti orqanları ilə əlaqələrin genişləndirilməsi üçün bir sıra tədbirlər həyata keçiriləcək.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Hesablama Palatasının hesabatı ilə bağlı komitənin rəyini səsləndirib. Bildirib ki, təqdim edilən Hesabat 2021-ci ildə Hesablama Palatasının iş planı ilə nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri, büdcə qanunvericiliyinin tələb etdiyi fəaliyyət, həmçinin palatanın hesabat ilində cari fəaliyyəti ilə bağlı digər məlumatları özündə əks etdirir. Hesabata audit, analitik və monitorinq fəaliyyəti ilə bağlı məlumatlar daxil edilib. İlk dəfə olaraq palatanın müxtəlif vaxtlarda təqdim etdiyi tövsiyələrin icrası barədə, auditin dəyər zənciri barədə, palatanın kollegiya iclaslarında Milli Məclis deputatlarının iştirakı barədə məlumatlar da hesabatda öz əksini tapıb.

Komitə sədri diqqətə çatdırıb ki, 2021-ci il bütün sahələrdə iqtisadi artımın qeydə alındığı il olub. Belə ki, 2021-ci ildə ÜDM 5.6%, qeyri-neft sektorunda ÜDM 7.2%, qeyri-neft sənayesində məhsul istehsalı isə 20% artıb, Tədiyyə Balansının Cari Əməliyyatlar hesabında 8.3 mlrd dollarlıq profisit yaranıb. Covid-19 pandemiyasına qarşı mübarizə tədbirləri üçün 800.8 mln manat xərclənib. Dövlət büdcəsinin gəlirləri 25.427 mlrd proqnoza qarşı 26.396 mlrd manat və ya 1 milyard manat artıq icra edilib. Dövlət büdcəsinin xərcləri isə 27.422 mlrd, proqnozun 96.1%-i həcmində və ya  2020-ci ilə nisbətən 1 mlrd manat çox icra edilib. Qeyd olunan göstəricilər Palatanın fəaliyyət dairəsinin 2021-ci ildə potensial olaraq daha da artdığını deməyə imkan verir.

Tahir Mirkişili qeyd edib ki, ilk dəfə olaraq Palatanın fəaliyyəti barədə hesabatı daha peşəkar və əhatəli qiymətləndirmək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi  tərəfindən 10 indikator hazırlanıb. Bunlar Palatanın fəaliyyətində “Hesablama Palatası haqqında” qanundan irəli gələn vəzifələrin icrasının vəziyyəti, ISSAI standartlarının tətbiqi səviyyəsi, Pre-audit araşdırmaların ümumi fəaliyyətdə xüsusi çəkisi, ümumi audit içərisində performans auditin payı, elektron auditin ümumi audit yoxlamalarında payı, audit hesabatlarının ətraflı, inandırıcı, doğru zaman, balanslılıq və anlaşıqlılıq səviyyəsi, əvvəlki hesabatlardakı  tövsiyələrin qəbul olunma səviyyəsi, aşkar edilən pozuntuların ümumi fiskal dövriyyədə payı, hesabatların ictimaiyyət üçün əlçatanlıq səviyyəsi, kadr potensialının gücləndirilməsi və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi üzrə indikatorlardır. Hesabatda əks olunan məlumatlar komitə üzvləri tərəfindən əsasən bu indikatorlar üzrə qiymətləndirilib. Palatanın fəaliyyətindəki güclü və zəif tərəflərin hesabatda əks olunması bu istiqamətdə səmərəli müzakirələrin aparılmasına şərait yaradıb.

Komitə sədri hesabat ilində palatanın fəaliyyətinin 70% rəqəmsallaşmasını təqdirəlayiq hesab edib. İl ərzində palata tərəfindən təqdim edilmiş audit hesabatlarının ətraflı, inandırıcı olduğunu, balanslılıq və anlaşıqlılıq səviyyəsinin yüksək olduğunu qeyd edib. Bildirilib ki,  müntəzəm olaraq çap edilən Dövlət Auditi jurnalında audit hesabatların çap edilməsi ictimai əlçatanlığın yüksək səviyyəsini təmin edib. Kadr hazırlığı məsələsində beynəlxalq əməkdaşlıq modellərinə geniş yer ayrılması təqdirəlayiqdir.

Komitə sədri builki hesabatda ilk dəfə olaraq maliyyə auditləri üzrə müsbət rəy almış dövlət orqanlarının siyahısının dərc edildiyini, bu siyahıda Milli Məclisin 1-ci yerdə qərarlaşdığını xüsusi qeyd edib. Bunu Milli Məclis rəhbərliyinin maliyyə fəaliyyətindəki şəffaflığa və səmərəliliyə nail olmasına verilən qiymət kimi dəyərləndirib.

Təqdim edilmiş hesabat verilən təklif və tövsiyələrlə birlikdə ümumi olaraq məqbul hesab edilib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb. Komitə sədrləri Qənirə Paşayeva, Siyavuş Novruzov, deputatlardan Qüdrət Həsənquliyev, Rəşad Mahmudov, Əli Məsimli, Musa Qasımlı, Soltan Məmmədov, Vahid Əhmədov, Naqif Həmzəyev, Vüqar Bayramov hesabatla bağlı fikirlərini, qeyd və təkliflərini bildiriblər. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov səsləndirilən fikirlərə münasibət bildirib, sualları cavablandırıb.

Hesablama Palatasının 2021-ci il üzrə hesabatı nəzərə alınıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 6 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Əvvəlcə, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov mahiyyətcə bir-birinə yaxın olan iki məsələ - “Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə, habelə “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihələri haqqında üçüncü oxunuşda məlumat verib.

Təqdim olunan layihələrdə bir sıra kateqoriya şəxslərin, o cümlədən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların - çağırış dövründə, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların - ildə bir dəfədən az olmayaraq, kadr zabit heyətinə könüllü daxil olanların - müvafiq əmr imzalanmazdan əvvəl,  bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların - bağlaşma imzalanmazdan əvvəl icbari narkoloji müayinədən keçirilməsi təklif edilir.

Səhiyyə komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müsbət rəyləri səsləndirildikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Dəyişikliyə əsasən, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi, saxlanması, hazırlanması, habelə müvafiq maddələrdə  də nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiyanı nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif edilir.

Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də (üçüncü oxunuş) təqdim edib. Layihə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğunlaşdırılma məqsədilə hazırlanıb və bu sahədə cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə səbəb olan halları nəzərdə tutur.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov hər iki layihənin komitədə  dəstəkləndiyini bildirib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul  edilib.

Sonra deputat Nizami Səfərov Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.  Layihədə cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, onların  məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi təklif edilir.

Səhiyyə komitəsinin rəyi nəzərə alınmaqla qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.  Dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və məcburi qaydada ölkəyə geri qaytarılmalı olan 20 min manatdan artıq məbləğdə xarici valyuta vəsaitini qaytarmama əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməli olan subyektlərin dairəsi ilə bağlı məhdudiyyət aradan qaldırılır. Artıq həm fiziki şəxslər, həm hüquqi şəxslər bu növ cinayət əməlinə görə məsuliyyətə cəlb ediləcəklər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra iclasda bir oxunuşda olan qanun layihələri müzakirəyə çıxarılıb.

Fasilədən sonra gündəlikdəki məsələlərin müzakirəsi davam etdirilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Sərhəd mühafizə orqanları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, Azərbaycan Respublikasının Dövlət Sərhədinin mühafizəsinin və toxunulmazlığının daha keyfiyyətli təşkil edilməsi məqsədi ilə Prezidentin 2021-cı il 23 aprel tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" 2002-ci il 12 dekabr tarixli Fərmanında dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, dövlət sərhəd mühafizə orqanlarında yeni silahlı birləşmə - "Xüsusi hava əməliyyatları qüvvələri" yaradılıb.  Bununla əlaqədar, yuxarıda adı çəkilən qanunun 1-ci və 24-cü maddələrinə uyğunlaşdırma xarakterli dəyişiklik nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Peşə təhsili haqqında” qanuna təklif olunan dəyişiklik barədə məlumat verib. Qanun layihəsi "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Prezidentin 2019-cu il 14 fevral tarixli Sərəncamında dəyişiklik edilməsi barədə" Prezidentin 11 noyabr 2021-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb. Qanuna edilən dəyişiklik peşə təhsili sahəsində nəticələrə əsaslanan təqaüd sisteminin qurulması və peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə təqaüdlərin onların qiymətləndirmə yarımil nəticələrinə görə verilməsinin tənzimlənməsi məqsədi daşıyır.

Deputatlar Vüqar Bayramov, Etibar Əliyev, Musa Qasımlı, Tural Gəncəliyev, Fatma Yıldırım, Rüfət Quliyev sənəd barədə fikirlərini səsləndiriblər.

Sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Daha sonra plenar iclasda birinci oxunuşda olan qanun layihələri təqdim olunub.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə  (birinci oxunuş) qanun layihələri ilə bağlı məlumat verib.

Bildirib ki, ölkə Prezidenti tərəfindən təqdim edilmiş hər iki sənəd dörd komitənin video-konfrans formatında keçirilmiş birgə iclasında geniş müzakirə olunub. Cari ilin Şuşa ili elan olunduğunu deyən birinci vitse-spiker, bununla əlaqədar bir çox milli və beynəlxalq tədbirlərin həyata keçirildiyini qeyd edib.

Diqqətə çatdırılıb ki, "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə qanuna 3-1-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında,  kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.

Eyni zamanda, Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə bu qanunun 7.5-ci maddəsindən “arxeoloji” sözünün çıxarılması təklif edilir.

Komitə sədri Əli Hüseynli bildirib ki, yuxarıda qeyd olunanlarla əlaqədar bir sıra qanunlara uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi də nəzərdə tutulub.

Bununla bağlı çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin sədri Tahir Mirkişili “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna bəzi sahibkarlıq fəaliyyəti növlərinin Şuşada qadağan olunmasını nəzərdə tutan dəyişiklik təklif olunduğunu bildirib. Qanunun 5-ci maddəsinə “və ya onun ayrı-ayrı növlərinin qadağan olunması” sözləri əlavə edilir.

Sonra Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək Şuşa şəhərində mövcud abidələrə xüsusi qayğı və həssaslıqla yanaşılmasının önəmli olduğunu söyləyib və bunu nəzərə alaraq, qanunun 7.5-ci maddəsindən “arxeoloji” sözünün çıxarılmasını məqsədəmüvafiq hesab edib.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Bədən tərbiyəsi və idman haqqında” qanuna edilən dəyişikliyin uyğunlaşdırma xarakterli olduğunu və rəhbərlik etdiyi komitənin sənədi dəstəklədiyini bildirib.

Layihədəki digər qanunlara da uyğunlaşdırma məqsədilə müvafiq düzəlişlər nəzərdə tutulub.

Komitə sədri Siyavuş Novruzov, deputatlar Fəzail Ağamalı, Elşad Mirbəşir oğlu, Mahir Abbaszadə, Arzu Nağıyev dəyişikliklər barədə qeydlərini bildiriblər. Birinci vitse-spiker Əli Hüseynli səslənən bəzi məqamlara aydınlıq gətirib.

Müzakirələrdən sonra yuxarıda adları çəkilən hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin bağlanılması ilə yanaşı, ona xitam verilməsinin qüvvəyə minməsinin də tənzimləndiyi və bu halların yalnız biri maddənin adında göstərildiyi üçün 49-cu maddənin adının dəqiqləşdirilməsi zərurəti yaranır.

Qeyd olunub ki, fiziki şəxs olan işəgötürənlə bağlı bir sıra hallar baş verdikdə, onlar tərəfindən bağlanılmış və əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranır, lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyəti işəgötürəndə olduğu üçün bu zərurətin həyata keçirilməsi mümkün olmur. Nəticədə, digər işəgötürənlə əmək müqaviləsi bağlaya bilməyən işçinin əmək hüquqları məhdudlaşır, bu da narazılıqlara və məhkəmə mübahisələrinə səbəb olur. Belə halların tənzimlənməsi məqsədilə Əmək Məcəlləsinin 74-cü maddəsinə bir sıra əlavələr edilir. Həmçinin 49-cu maddəyə yeni 5-ci hissə əlavə edilməklə qeyd olunan hallarla bağlı  işçinin müraciəti əsasında əmək müqaviləsi bildirişinin qüvvədən salınması  səlahiyyəti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana verilir.

Bununla yanaşı, 74-cü maddəyə edilən dəyişiklikdə müəyyən edilir ki, bu hallarda işçinin əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir. Məcəllənin 87-ci maddəsinə edilən dəyişiklik yuxarıda qeyd edilən  əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlərin aparılmasını tənzimləyir.

Deputatlar Razi Nurullayev və Kamilə Əliyeva layihə ilə əlaqədar fikirlərini açıqlayıblar.

Deputat Vüqar Bayramov səslənən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 4 məsələsi ölkə Prezidenti tərəfindən bir məktubla daxil olub və mahiyyətcə bir-birinə yaxın məsələlərdir.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dərin sosial islahatların davamı olaraq hazırlanmış və müzakirəyə təqdim olunan “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinə, pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə xidmət edir və hüquqi tənzimləmə, təkmilləşdirmə, habelə qanunvericilik texnikası baxımından terminoloji dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır. Qanuna 10 maddə üzrə 43 dəyişiklik nəzərdə tutulub.

Komitə sədri qanunda maddələr üzrə nəzərdə tutulan dəyişiklikləri ətraflı izah edib. Bildirib ki, ümumilikdə layihədə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma şərtlərinin sadələşdirlməsi, pensiyanın bir növündən digərinə keçidin, daha tez pensiyaya çıxma hallarının genişləndirilməsi kimi müddəalar yer alıb. Habelə, sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçı hərbi rütbəli şəxslərin pensiyasının son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılması, ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləğinin ödənilməsi kimi dəyişikliklər öz əksini tapıb.

Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı  “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, sənəd  "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsinə uyğunlaşdırılma məqsədilə hazırlanıb. Qanuna təklif edilən dəyişiklikdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin digər sosial ödənişlərdən asılı olmayaraq təyin edilməsi nəzərdə tutulur. Digər düzəlişə görə, şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin ediləcək.

Parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, sənəd onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və   əmək pensiyası almaq hüququnu müəyyənləşdirir. Layihə "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihələrə  uyğunlaşdırma xarakteri daşıyır, qeyd olunan xəstəliklərdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar bildirib ki, sənəd "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin qəbulu ilə əlaqədar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanıb. Təklif olunan dəyişikliyə əsasən, penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin, habelə penitensiar müəssisələrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləyən mülki işçilərin pensiya təminatı "Əmək pensiyaları haqqında" qanunla müəyyən edilir.

Deputatlar Razi Nurullayev, Fəzail Ağamalı dəyişikliklər barədə qeyd və təkliflərini səsləndiriblər. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov səsləndirilən bəzi məqamlara aydınlıq gətirib.

Sonra təqdim olunan 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Qeyd edilib ki, sənəddə fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə əldə etdikləri dividendlərin və faiz gəlirlərinin 2023-cü il fevralın 1-dən etibarən 5  il müddətinə gəlir vergisindən azad edilməsi, habelə hüquqi şəxslərin faiz gəlirlərinə görə vahid vergitutma mexanizminin tətbiq edilməsi nəzərdə tutulub.

Komitə sədri Siyavuş Novruzov məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Daha sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev mahiyyətcə bir-birinə yaxın olan növbəti iki məsələni təqdim edib.

O, “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə (birinci oxunuş) ilə əlaqədar diqqətə çatdırıb ki, sənəddə ümumi təhsil müəssisələrinin xarakterinə görə ümumi və internat tipli təhsil müəssisələrinə bölündüyü, onların özlərinin də ümumi təyinatlı, inteqrasiya təlimli və xüsusi təhsil müəssisələri kimi qruplaşdırıldığı öz əksini tapıb və müvafiq anlayışlar verilib. Bütövlükdə qanuna təklif edilən dəyişikliklərin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.

Sonra komitə sədri “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən  (birinci oxunuş) danışıb. Bildirib ki, sənəd "Ümumi təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinə  uyğunlaşdırılma məqsədi daşıyır. Layihə təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaları üçün xüsusi şəraitin yaradılmasının təmin edilməsini nəzərdə tutur.

Komitə sədri Hicran Hüseynova və deputat Elşad Mirbəşir oğlu məsələlərlə əlaqədar fikirlərini bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU