Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib
Aprelin 27-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev və qrupun üzvləri – parlamentin komitə sədri Qənirə Paşayeva, deputatlar Müşfiq Cəfərov və Elman Məmmədov ölkəmizdə səfərdə olan Rumıniya parlamentinin Azərbaycanla parlament dostluq qrupunun üzvləri ilə görüşüblər.
Görüşdə Azay Quliyev qonaqları salamlayaraq Milli Məclisin Rumıniya parlamenti ilə münasibətlərin inkişafına böyük önəm verdiyini söyləyib. Qeyd olunub ki, qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qrupları arasında əlaqələr təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir. Deputatlarımız beynəlxalq parlament təşkilatları çərçivəsində də səmərəli əməkdaşlıq edirlər.
Bildirilib ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi ümumi məqsədlərə xidmət edir.
Sonra Azay Quliyev Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərindən bəhs edib. Qeyd edib ki, üçtərəfli bəyanatın imzalanması ilə artıq münaqişəyə son qoyulub. O, hazırda Ermənistan işğalından azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.
Rumıniya parlamentinin deputatı, Azərbaycanla dostluq qrupunun rəhbəri Kristian İvanutsa səmimi görüşə görə təşəkkürünü bildirərək ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. Qonaq dövlətlər arasında münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib. Hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı faydalı əməkdaşlığının əhəmiyyətindən danışıb.
Kristian İvanutsa Azərbaycanı daha yaxından tanımaq üçün ölkəmizin Rumıniyadakı səfirliyi ilə sıx əlaqədə olduğunu söyləyib. Səfirliyin təşkil etdiyi Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak etdiyini, Xocalı faciəsindən kədərləndiyini bildirib. O, Rumıniya parlamentini bu faciə barədə məlumatlandırdığı qeyd edib.
Rumıniyalı deputat hazırda əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib. Qeyd edilib ki, ikitərəfli münasibətlərin səmərəliliyinin artırılmasında parlamentlər səviyyəsində əlaqələrin gücləndirilməsi çox əhəmiyyətlidir.
Qonaq iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar olduğunu bildirib. Xalqlarımız arasında möhkəm dostluq münasibətlərindən məmnunluğunu ifadə edib. Ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb.
Söhbət zamanı Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək qonaqlara Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Xocalı faciəsinin geniş ictimaiyyətə tanıdılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, dünya dövlətləri bu məsələdə ədalətli mövqe nümayiş etdirməlidirlər.
Parlamentin komitə sədri Qənirə Paşayeva öz çıxışında mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından danışıb.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi