Milli Məclisin sədr müavini Adil Əliyev Rumıniya parlamentinin nümayəndə heyəti ilə görüşüb

Tədbirlər
27 aprel 2022 | 15:59   
Paylaşın:        

Aprelin 27-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Rumıniya parlamentinin deputatı, Rumıniya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Kristian İvanutsanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarovanın adından qonaqları salamlayan vitse-spiker, belə səfərlərin Azərbaycan-Rumıniya münasibətlərinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Azərbaycan və Rumıniyanın iki dost ölkə olduğunu deyən Adil Əliyev münasibətlərimizin daim yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluğunu bildirib.

Vitse-spiker dövlət başçılarının siyasi iradəsi nəticəsində dostluğumuzun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və  bu sahədə imzalanmış sənədlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.  Azərbaycan-Rumıniya münasibətlərinin möhkəmlənməsində parlamentlərin və parlamentlərarası işçi qruplarının fəaliyyətini yüksək qiymətləndirən vitse-spiker qarşılıqlı təcrübə mübadiləsində işçi qruplarının rolunu mühüm hesab etdiyini bildirib.

Adil Əliyev qeyd edib ki, Ermənistan 30 ilə yaxın tarixi Azərbaycan torpaqlarını işğal altında saxlayıb, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrinə məhəl qoymayıb. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşı məcburi köçkün kimi öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Nəhayət 2020-ci ilin 27 sentyabrında başlanmış əks hücum zamanı Azərbaycan Ermənistanın işğal altında saxladığı tarixi torpaqlarını azad edib və həmin ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən Üçtərəfli Sazişin imzalanması nəticəsində münaqişəyə son qoyulub. Vitse-spiker uzun illərdən sonra regiona sülh gəldiyini qeyd edərək, hazırda azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin aparıldığını bildirib.

Rumıniya parlamentinin deputatı, Rumıniya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Kristian İvanutsa  səmimi qəbula görə minnətdarlığını bildirərək, ölkələrimiz arasındakı münasibətlərin inkişafının hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib. O, Rumıniyanın Azərbaycanla strateji tərəfdaş olması ilə yanaşı, iki ölkə arasında artan ticarət dövriyyəsinin iqtisadi əlaqələrimizə mühüm təsir etdiyini qeyd edib. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsindən danışan qonaq, Ələt qəsəbəsində ticarət limanının fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib.

Ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq müstəvidə uğurla davam edəcəyindən əminliyini ifadə edən Kristian İvanutsa, Azərbaycanın təkcə regionda deyil, eləcə də dünyada mühüm mövqeyə sahib olmasından məmnunluğunu bildirib.

Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU