Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın xarici işlər naziri ilə görüşüb

Sədrin görüşləri
27 aprel 2022 | 19:13   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 27-də ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

Spiker qonağı salamlayaraq, Gürcüstanın xarici işlər nazirinin bu  vəzifədə ilk səfərini ölkəmizə etməsinin münasibətlərimizin yüksək səviyyədə olmasının daha bir göstəricisi olduğunu bildirib, səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümü olduğunu vurğulayaraq, qeyd edib ki, əlaqələrimiz uğurlu inkişaf yolu keçib və strateji tərəfdaşlıq münasibətlərimiz möhkəm təməllər üzərində qurulub. Azərbaycan və Gürcüstanın iki mehriban qonşu və dost ölkələr olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirən Milli Məclisin sədri vurğulayıb ki, əlaqələrimiz regional sabitlik və əməkdaşlığa da mühüm töhfələr verir.

Spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında qanunverici orqanlarımızın mühüm rol oynadığını qeyd edərək, cari il aprelin 19-20-də Gürcüstana rəsmi səfərini və səfər çərçivəsində keçirilən görüşləri xatırladıb. O, deyib ki, parlamentlərimiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etdirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları var və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Parlament komitələrinin işi vasitəsilə ali qanunvericilik orqanları arasında münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar var. Bu baxımdan, Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin mövcud üçtərəfli əməkdaşlıq formatı çox faydalıdır.

Milli Məclisin sədri ölkəmizin Vətən müharibəsində əldə etdiyi qələbə və ərazi bütövlüyümüzün bərpasından sonra yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib.

Səmimi görüş üçün minnətdarlığını bildirən Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verərək, aparılan danışıqların məhsuldar olduğunu diqqətə çatdırıb. O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib və ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişafının zəruriliyini diqqətə çatdırıb.

İliya Darçiaşvili əlaqələrimizin dərinləşməsində parlamentlərin özünəməxsus rol oynadığını söyləyib. O, Milli Məclis sədrinin Gürcüstana səfərini yüksək qiymətləndirib və ümidvar olduğunu bildirib ki, bu səfər əlaqələrimizin daha da inkişafına töhfə verəcək.

Gürcüstanın xarici işlər naziri regionda sülh və təhlükəsizliyin, əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdıraraq, qeyd edib ki, onun ölkəsi sülhpərvər siyasət həyata keçirir.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab   Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU