Meksika ilə parlament əlaqələri inkişaf edir
Milli Məclisin və Meksika Deputatlar Palatasının parlamentlərarası əlaqələr üzrə dostluq qrupları arasında video-konfrans formatında görüş keçirilib.
Milli Məclisin Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva Meksikada keçirilən son seçkilərdən sonra yeni tərkibdə formalaşmış parlament dostluq qrupunun üzvlərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb. O, parlament diplomatiyasının ölkələr arasındakı əlaqələrə töhfəsindən danışaraq parlamentlərarası münasibətlərin genişləndirilməsinin, dostluq qrupları arasında daha sıx əlaqələrin qurulmasının vacibliyindən danışıb. Jalə Əliyeva bu istiqamətdə qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib, deputatlarımızın beynəlxalq parlament təşkilatlarında qarşılıqlı faydalı əməkdaşlığının önəmli olduğunu deyib.
Sonra Jalə Əliyeva Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərindən söhbət açıb. Diqqətə çatdırıb ki, artıq münaqişə sona çatıb. Azərbaycan öz əzəli torpaqlarını erməni işğalından azad edib, ərazi bütövlüyünü bərpa edib. Hazırda işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri həyata keçirilir, yeni infrastruktur yaradılır. O, postmünaqişə dövründə regionda yaranmış yeni əməkdaşlıq imkanlarından bəhs edib.
Meksika parlamentinin Azərbaycanla əlaqələr üzrə dostluq qrupunun rəhbəri Migel Anxel Peres Navarette ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini vurğulayıb, ikitərəfli münasibətlərin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu deyib. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmindən danışan meksikalı deputat belə görüşlərin ikitərəfli münasibətlərin gücləndirilməsinə xidmət etdiyini bildirib.
Söhbət zamanı meksikalı deputatlar Alberto Viyya Viyyeqas, Xavyer Kasiqe Zarate, Aurelio Qonsales çıxış edərək ölkələrinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildiriblər. Deputatlar iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd ediblər, dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin müstəsna rolundan danışıblar.
Görüşdə Milli Məclisin Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ülviyyə Həmzəyeva və İltizam Yusifov çıxış ediblər. Deputatlar parlamentlər səviyyəsində əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər. Millət vəkilləri ölkələr arasında mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından danışıblar, ikitərəfli əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. Deputatlar azad edilmiş ərazilərdə “yaşıl zona”ların yaradılması, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin reallaşdırılmasından söhbət açıblar.
Onlayn görüşdə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov, Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişafı barədə fikirlərini bölüşüblər.
Söhbətdə iki ölkə arasında parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, siyasi, iqtisadi, ticarət, mədəni, humanitar, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi