Elm və təhsil komitəsinin iclasında
Aprelin 29-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitənin sədri Bəxtiyar ƏIiyev bildirib ki, gündəliyə iki məsələ - “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), habelə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri daxil edilib.
Komitə sədri təqdim olunan məsələlərlə bağlı Milli Məclisin son plenar iclasında birinci oxunuşda geniş müzakirələrin aparıldığını, deputatlar tərəfindən bir sıra fikirlərin, qeyd və təkliflərin səsləndirildiyini bildirib. Sonra o, qanun layihələri barədə məlumat verib.
Əvvəlcə, “Ümumi təhsil haqqında” qanunda nəzərdə tutulan dəyişikliklər diqqətə çatdırılıb. Qeyd olunub ki, qanuna təklif edilən “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifində “təyinatlı və ya internat tipli” sözləri çıxarılır. Yeni redaksiyaya əsasən, inteqrasiya təlimli təhsil müəssisəsi – sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təhsil müəssisəsi hesab edilir. Qanunun digər bir maddəsində “pedaqoji işçilər” sözü “müəllimlər” sözü ilə əvəz olunur. Həmçinin, ümumi təhsil müəssisələrinin növləri ilə bağlı maddəyə də dəyişikliklər təklif edilir. Dəyişikliklərin əsas məqsədi, sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
Sonra komitə sədri “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. Bildirib ki, adıçəkilən qanunlara təklif olunan dəyişikliklər “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Qeyd olunub ki, ikinci oxunuş üçün təqdim edilən layihədə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna inteqrasiyalı təhsilin təşkili ilə bağlı yeni 11-1-ci maddə əlavə olunur.
Məsələlər ətrafında gedən müzakirələrdə komitə sədrinin müavini Musa Qasımlı, komitə üzvləri Aqiyə Naxçıvanlı, İsa Həbibbəyli, Eldar Quliyev, Kamilə Əliyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihələrinin vacibliyindən bəhs ediblər, təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu qeyd ediblər.
İclasın sonunda hər iki qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi